Yeniazerbaycan saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İmzalanacaq sülh regiona nələr vəd edir?
Cənubi Qafqazda sabitliyin və əbədi sülhün bərqərar olması istiqamətində atılan addımlar prosesə sürət qazandırıb. Avqustda Vaşinqtonda baş tutan görüşlər və imzalanan sənədlər, xüsusilə, sülh sazişi layihəsinin paraflanması danışıqların müsbət nəticə ilə yekunlaşacağı barədə ümidləri artırıb. 2022-ci ildən start götürmüş sülh prosesi ümumilikdə Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyması üçün real vasitədir - bu, mühüm bir coğrafiyada yeni münasibətlər sistemi formalaşdıracaq. Belə ki, Azərbaycan ilə Ermənistan arasında sülhün imzalanması həm Bakı-İrəvan, həm də Ankara-İrəvan münasibətlərinin normallaşmasına yol açacaq. İndiki məqamda İrəvan həm də Türkiyə ilə münasibətləri yeni çərçivəyə salmaqda maraqlı olduğunu ortaya qoyur. Çünki Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlığı bölgədə yeni təhlükəsizlik arxitekturası yaratmaqla yanaşı, həm də bölgənin gələcək inkişafının əsas formuluna çevrilib.
Türkiyə XİN bəyan etdi...
Yeri gəlmişkən, ötən həftə sonu iki ölkə arasında normallaşma prosesinə cavabdeh olan nümayəndə heyətləri arasında görüş olub - Türkiyə nümayəndə heyəti Ermənistana səfər edib. Səfərdən öncə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilirdi ki, iki ölkə arasında tam normallaşmaya nail olmaq məqsədi ilə Türkiyə-Ermənistan normallaşma prosesini davam etdiririk. Qeyd olunurdu ki, xüsusi nümayəndələrin 2022-ci ilin yanvarında Moskvada keçirilən ilk görüşü ilə başlayan proses indiyədək beş raundda həyata keçirilib. Proses fasiləsiz və həssaslıqla həyata keçirilib, normallaşma istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Bildirilirdi ki, xüsusi nümayəndələrin danışıqların altıncı raundu üçün keçiriləcək görüşdə də Türkiyə nümayəndə heyətinə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə Prezident Ərdoğanın təyin etdiyi xüsusi nümayəndə səfir Sərdar Kılıç rəhbərlik edəcək.
Əldə olunan razılaşmalar təsdiqləndi...
Sentyabrın 12-də isə Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Sərdar Kılıç Ermənistana səfər edib. Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan türkiyəli həmkarı Sərdar Kılıçı Ermənistan-Türkiyə sərhədində, Marqara keçid məntəqəsi yaxınlığında qarşılayıb. Daha sonra İrəvana səfər edən nümayəndə heyəti arasında görüş keçirilib. Görüşlə bağlı Ermənistan XİN-in yaydığı məlumatda bildirilir ki, Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr əvvəllər əldə edilmiş razılaşmaları təsdiqləyib və münasibətlərin normallaşması prosesini sürətləndirməyə razılaşıblar. Bu kontekstdə tərəflər 2022-ci il iyulun 1-də keçirilən görüşdə əldə olunmuş sərhəd-keçid məntəqələri haqqında sazişin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər. Xüsusi nümayəndələr, həmçinin qərara gəliblər ki, hər iki ölkənin müvafiq orqanları Gümrü-Qars dəmir yolu və elektrik ötürücü xəttinin bərpası və istismara verilməsi üçün lazımi texniki araşdırmalar aparacaqlar. 2026-cı ilin yayından müxtəlif istiqamətlərə uçuşlara başlaması üçün lazımi işlərin görülməsinə, bununla da iki ölkə arasında hava marşrutlarının və uçuşların sayını artırmaqla bağlı razılıq əldə olunub.
Bölgədə əməkdaşlığın inkişafı üçün...
Qeyd edək ki, Türkiyənin bu məsələdə mövqeyi açıq və qətidir - Ankara ilə İrəvan arasındakı müzakirələr birmənalı şəkildə Azərbaycanla koordinasiyalı formada həyata keçirilir. Başqa sözlə, İrəvan Türkiyə ilə münasibətlərin tənzimlənməsi üçün sülhü gecikdirməməlidir. Çünki Azərbaycan ilə Ermənistan arasında sülhün yaranması fonunda İrəvan-Ankara münasibətlərinin də yeni mərhələyə qədəm qoyması bütövlükdə regionun iqtisadi gələcəyi üçün mühüm perspektiv yaradır. Təsadüfi deyil ki, Türkiyə rəsmiləri hər zaman bu faktın üzərində xüsusilə dururlar - Ankara-İrəvan əlaqələri Bakı-İrəvan münasibətlərinin normallaşması prosesi ilə birmənalı şəkildə bağlıdır.
Xüsusilə, Zəngəzur dəhlizinin açılması Ermənistanın həm Türkiyə, həm Azərbaycan, həm də bütövlükdə dünya ilə əlaqələrinin yeni müstəviyə qədəm qoymasına şərait yaradacaq. Səfir Sərdar Kılıç səfərdən öncə jurnalistlərə müsahibəsində bildirmişdi ki, Ermənistan Türkiyə ilə sərhədin açılmasına müsbət yanaşır və bəzi layihələrdən əvvəl texniki işlərin görülməsi vacibdir. “Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq İğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”, - o bildirib.
Vurğulanmalıdır ki, dəhlizin açılması yeni ticari-iqtisadi üstünlüklər yaradır ki, İrəvan da bu üstünlüklərdən faydalana biləcək - əlahiddə olaraq, həm də Türkiyə ilə normal iqtisadi-siyasi əlaqələrə malik olacağı təqdirdə regional inkişafın əsas ünsürlərindən birinə çevrilməklə yanaşı, Şərq-Qərb logistik ticarət və yükdaşıma yoluna qoşula biləcək. Çünki Zəngəzur dəhlizi (TRİPP) Şərq-Qərb marşrutu üzərində ən qısa yol kimi əhəmiyyət daşıyır və dəhlizin coğrafi imkanları olduqca genişdir. Beləliklə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının digər bir mühüm şərti Zəngəzur dəhlizinin (TRİPP) açılması ilə üst-üstə düşür.
Ankara-İrəvan normallaşmasının sürəti sülh prosesindən asılıdır...
Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Hakan Fidan İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda bildirib ki, Ermənistanla Azərbaycan arasındakı Şülh sazişinə son imzalar atıldıqdan dərhal sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətli şəkildə həyata keçiriləcək. Fidan Qarabağda işğal altındakı ərazilərin azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər baxımından tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib. Bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən diplomat ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi anlaşmanı möhkəmləndirdiyini deyib. Fidan yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlənildiyini deyib.
Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin sarsılmazlığına dəlalət edən sübutdur - Türkiyə XİN başçısı bir daha bəyan edir ki, Ankara ilə İrəvan arasındakı normallaşma prosesinin sürəti Ermənistanla Azərbaycan arasında imzalanacaq sülhə əsaslanacaq.
P.İSMAYILOV
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.