
Almaniyada tarixi ilk yaşanıb.
Türkiyə əsilli Sinan Selen ölkənin daxili kəşfiyyat xidməti – Bundesamt für Verfassungsschutz-un (BfV) rəhbəri təyin olunub. Bu, Almaniya tarixində ilk dəfədir ki, immiqrant mənşəli şəxs təhlükəsizlik xidmətinin başına gətirilir.
1972-ci ildə İstanbulda doğulan Selen ailəsi ilə birlikdə 4 yaşında ikən Almaniyaya köçüb və Köln şəhərində böyüyüb. O, Köln Universitetində hüquq təhsili alaraq polis hüququ, Avropa hüququ və inzibati hüquq üzrə ixtisaslaşıb. 2000-ci ildən Almaniyanın Federal Kriminal Polisi (BKA) orqanlarında fəaliyyətə başlayan Selen daha çox terrorizm və dini ekstremizm sahəsində ixtisaslaşıb. 2006–2009-cu illərdə “Xarici terrorizm və ekstremizm” şöbəsinə rəhbərlik edib, sonrakı illərdə isə daxili işlər nazirliyi və federal polis strukturlarında müxtəlif məsul vəzifələrdə çalışıb.
2019-cu ilin yanvarından BfV-də vitse-prezident vəzifəsini icra edən Sinan Selen sentyabr ayında qurumun rəhbəri postuna gətirilib. Onun bu vəzifəyə təyin olunması Almaniya üçün yalnız simvolik deyil, həm də təhlükəsizlik və inteqrasiya siyasətində dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu addım mühacir mənşəli vətəndaşların Almaniya dövlət idarəçiliyində etimad qazanmasının mühüm göstəricisi hesab olunur. \\Musavat.com