AZ

“Azərbaycan sülh tərəfdarı olanlara heç bir təzyiq göstərmir”

“Xankəndidə baş verən son hadisə bir daha göstərir ki, hələ də Azərbaycanın humanist mövqeyini düzgün qiymətləndirməyən şəxslər mövcuddur”.

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, bəzi ermənilər hələ də Azərbaycanın sülhə və humanitar yanaşmasına adekvat reaksiya vermək iqtidarında deyillər:

“Qeyd olunan erməni vətəndaşı bir müddət əvvəl televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla bağlı müsbət fikirlər səsləndirib. İndi isə müəyyən qüvvələrin təsiri altında təxribata əl atıb. Bu hal göstərir ki, Ermənistan cəmiyyətində və ya Qarabağda qalan bəzi ermənilər hələ də keçmiş separatçı rejimin ideyaları ilə yaşayırlar. Həmin zehniyyəti dirçəltmək istəyən qruplar mövcuddur. Hətta sülh tərəfdarı olan insanları belə təzyiq altında saxlayaraq onları radikal düşüncəyə yönləndirməyə çalışan dairələr fəaliyyət göstərir”.

Politoloq diqqətə çatdırıb ki, bu kimi təxribatların qarşısının alınması üçün Azərbaycan bütün zəruri tədbirləri görür:

“Məhz bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Sözügedən erməni şəxsin nəinki tədbirin keçirildiyi əraziyə daxil olması, hətta yaxınlaşması belə mümkün olmayıb. Hüquq-mühafizə orqanlarımız bu məsələnin öhdəsindən dərhal və layiqincə gəlib. Bu hadisə digər təxribatçı düşüncədə olanlar üçün ciddi dərs olmalıdır. Qarabağda yaşayan və təxribat düşüncəsində olan ermənilər potensial təhlükə sayılır. Əgər həmin şəxslər reallığı qəbul edir, Azərbaycan qanunlarına riayət edərək sakit vətəndaş həyatı yaşamaq istəyirlərsə, dövlət tərəfindən onlara qarşı hər hansı təzyiq yoxdur. Əks halda isə Azərbaycan dövləti öz qanunvericiliyinə uyğun şəkildə lazımi tədbirləri görməkdə davam edəcək”.

Leyla Turan
Demokrat.az
Seçilən
4
1
demokrat.az

2Mənbələr