Qazax, 15 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Gəncə Səyyar “ASAN xidmət”in nümayəndələri texnika ilə təchiz olunmuş xüsusi avtobusla Qazax şəhəri, Azadlıq küçəsi 78 (Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasının arxası, İsmayıl Şıxlı parkının yanı) ünvanında əhaliyə səyyar xidmətlər göstərirlər.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, səyyar şəkildə göstərilən xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunur.
Bu xidmətlərə tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, həmçinin, daşınmaz əmlakla bağlı bütün xidmətlər, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti daxildir.
Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək həyata keçirilir.
Səyyar "ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı bildirib ki, sentyabrın birindən başlayan xidmət 26-dək davam edəcək. O, bu günə kimi müraciət etmiş 1049 vətəndaşdan 967-sinin xidmətdən yararlandığını bildirib.
Qrup rəhbəri vətəndaşların əsasən ümumvətəndaş pasportlarının, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət etdiklərini vurğulayıb.