AZ

"SABAH qrupları üçün tələbələrdə bu bacarıqlar nəzərə alınmalıdır" — TƏKLİF

"SABAH qrupları 2014-cü ildən fəaliyyət göstərir. Əsas məqsədi istedadlı, bacarıqlı və motivasiyalı tələbələri seçmək, onlara fərqli təhsil mühiti yaratmaqdır. İndiyədək SABAH-a yalnız birinci kursun sonunda qəbul imtahanları ilə düşmək mümkün idi. Bu isə bir sıra problemlər yaradırdı".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. 

"Birincisi, tələbələr adaptasiya problemi yaşayırdılar. Birinci kursdan sonra yeni mühitə keçmək, qrup dəyişmək çətinlik yaradırdı.
İkincisi, vaxt itkisi olurdu, çünki SABAH imkanlarından yalnız ikinci kursdan istifadə etmək mümkün idi. Üçüncüsü, motivasiya azalırdı. Bir çox istedadlı tələbə göstərici toplasa da, dəyişiklik etmək istəmirdi".

O bildirib ki, indi isə birinci kursdan birbaşa SABAH-a daxil olmaq bir sıra üstünlüklər gətirəcək:

"Tələbə ilk gündən fərqli mühitdə oxuyacaq, xüsusi dərslərdən, müəllim heyətindən və tədris metodlarından erkən faydalanacaq. Motivasiya artacaq, tələbələr seçilmiş olduqlarını hiss edəcəklər. Adaptasiya daha asan olacaq, çünki əvvəldən həmin qrupda formalaşacaqlar".

Onun sözlərinə görə, risklər də var:

"11-ci sinfi yenicə bitirmiş tələbənin SABAH mühitinə uyğunlaşması çətin ola bilər. Buna görə seçim prosesi diqqətlə aparılmalı, yalnız bal yüksəkliyi deyil, həm də yaradıcılıq və liderlik bacarıqları nəzərə alınmalıdır. Erkən seçim motivasiya itkisinə də səbəb ola bilər.

Ümumilikdə bu qərar təhsilin keyfiyyətini artırmaq və istedadlı gəncləri daha erkən inkişaf mühitinə cəlb etmək baxımından müsbət addımdır".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
16
1
demokrat.az

2Mənbələr