AZ

15 sentyabr - Bilik günü ilə əlaqədar Abşeron rayonunda silsilə tədbirlər keçirilib, yeni məktəblərin açılışları olub

15 sentyabr – Bilik günü münasibətilə Abşeron rayonunun Hökməli qəsəbəsində yeni inşa olunmuş tam orta ümumtəhsil məktəbinin açılış mərasimi keçirilib.

 

Pravda.az xəbər verir ki, açılışda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini İdris İsayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.

 

Çıxış edən Elm və Təhsil nazirinin müavini İdris İsayev ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq son illərdə yüzlərlə müasir məktəbin istifadəyə verildiyini vurğulayıb, Hökməli məktəbinin də şagirdlər üçün geniş imkanlar yaradacağını bildirib.

 

Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd edib ki, Abşeron rayonunda təhsil infrastrukturu sürətlə inkişaf edir və yeni məktəbin istifadəyə verilməsi şagirdlərin tədris şəraitinin daha da yaxşılaşmasına mühüm töhfə verəcək.

 

Ardınca çıxış edən “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə təhsilin hər bir sahədə tərəqqinin əsası olduğunu bildirib, müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək şagirdlərə dərslərində uğurlar arzulayıb.

 

Qeyd olunub ki, müasir standartlara uyğun inşa edilən məktəb binası 1200-dən çox şagird yerlikdir. Təhsil ocağında laboratoriyalar, İKT kabinetləri, kitabxana, idman zalları, açıq idman meydançaları və inklüziv təhsil üçün xüsusi otaqlar yaradılıb.

 

Yeni məktəbin istifadəyə verilməsi rayon ərazisində şagird sıxlığının azaldılmasına, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.

 

 

 

***

 

 

 

Bakı Mühəndislik Universitetində (BMU) 2025-2026-cı tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Açılış nitqində Universitetin rektoru Yaqub Piriyev beynəlxalq standartlara uyğun mühəndislik, informasiya texnologiyaları sahəsində rəqabətə davamlı mütəxəssis kimi formalaşmaq üçün hər cür şəraitin yaradıldığı BMU-da son illər aparılan islahatlara toxunub. Ali məktəbin bu il “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında dünya üzrə ilk TOP minlikdə yer alması xüsusilə qeyd olunub. Universitetə builki qəbul nəticələrinə toxunan rektor 39 ixtisas üzrə plan yerlərinin 97 faiz dolduğunu vurğulayaraq, magistratura səviyyəsi ilə birlikdə ali məktəbə ümumilikdə qəbul olan tələbələrin, habelə BMU-nu seçən yüksək ballı abituriyentlərin sayındakı artımı statistik rəqəmlərlə təqdim edib.

 

          Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev müəllim və tələbələri yeni tədris ili münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda təhsil sistemi hər zaman dövlətin diqqət mərkəzindədir və hazırda işğaldan azad olunmuş, böyük quruculuq işləri aparılan  ərazilərimizdə də təhsil infrastrukturu uğurla yenidən qurulur. Tələbələrin bilik və bacarıqlarının artırılması üçün ölkəmizin ali təhsil müəssisələrində, o cümlədən BMU-da yaradılan imkanları yüksək qiymətləndirən Abdin Fərzəliyev gənclərin yüksəkixtisaslı kadrlar kimi yetişərək gələcəkdə Azərbaycanın daha da inkişafına töhfə verəcəklərinə inamını vurğulayıb.   

 

          Çıxış edən Milli Məclisin deputatı Nigar Məmmədova ali təhsil illərini hər bir gəncin həyatında mühüm mərhələ kimi səciyyələndirib. O, təhsil sahəsində aparılan islahatlara və həyata keçirilən dövlət proqramlarına toxunaraq bildirib ki, gənclər onlara yaradılmış bütün imkanlardan yararlanmalı, yaxşı mütəxəssis kimi yetişməklə bərabər, milli-mənəvi dəyərlərə sadiq qalmalı, əsl vətəndaş mövqeyinə sahib olmalıdırlar.

 

Milli Məclisin digər üzvü Vüqar Bayramov isə təbrik nitqində təhsilin inkişafının ölkəmizin prioritet istiqamətini təşkil etdiyini deyib. O, texnologiya və innovasiyalarda sürətli dəyişiklikləri, elm, təhsil sahəsinin müasir çağırışlara uyğun yenilənməsini, gənc nəslin əmək bazarının tələbləri əsasında yüksəkixtisaslı kadrlar kimi hazırlanmasının əhəmiyyətini vurğulayaraq dövlətimizin insan kapitalının inkişafı üçün atdığı addımları xüsusi qeyd edib.       

 

          Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Arif Həşimov müasir dövrdə elm və təhsili Azərbaycanın gələcək inkişaf strategiyasının əsas dayaqları kimi xarakterizə edib. Alim tələbələrin elmə maraq göstərməsi və tədqiqatlara cəlb edilməsinin vacibliyini, AMEA-nın yeni ideyalarla çıxış edən, araşdırmalar aparan və innovativ təşəbbüslər irəli sürən gənclərə dəstək verməyə hər zaman hazır olduğunu söyləyib.      

 

          Tədbirdə daha sonra çıxış edən Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova gənclərin vətənpərvərliyi, bilikli və savadlı yetişməsi ilə hər zaman qürur duyduğunu deyib, onlara təhsillərində uğurlar arzulayıb.

 

          Sonda bu il ən yüksək nəticə göstərərək  BMU-nun “İnformasiya texnologiyaları” ixtisasına qəbul olunan Nərmin Talıbova çıxış edərək tələbə adını qazanmağın qürurunu və səmimi ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb.

 

 

 

***

 

 

 

Abşeron rayonun Saray qəsəbəsində yenidənqurma işlərindən sonra 1 saylı və yeni tikilən 4 saylı tam orta məktəblərin açılışı olub. Açılışda Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron RİH başçısının müavini Gülnar Rəhimova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, təhsil ocağının müəllim və şagird kollektivi iştirak ediblər.

 

Tədbirdə çıxış edən nazir müavini ölkəmizdə təhsil ocaqlarının yenidən qurulduğunu, yeni məktəblərin tikildiyini, digərlərinin isə əsaslı təmir olunduğunu vurğulayıb. Respublikamızda təhsil sahəsinin inkişafı üzrə tədbirlərin görüldüyünü vurğulayan F.Qurbanov bu işlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

 

Daha sonra məktəbə baxış keçirilib.

Tarix: 15 Sentyabr 2025, 19:28   
Seçilən
19
8
pravda.az

7Mənbələr