Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
"İngiltərədə araşdırmalar göstərir ki, ən effektiv təhsil ən azından ibtidai siniflərdə qızlar və oğlanlar ayrı olanda olur. Hətta bütün məktəb boyu qızlar və oğlanlar ayrı oxuyanda qızların inkişafı daha yaxşı baş verir. Buna səbəb kimi qızların oğlanlarla bir məktəbdə oxuyarkən onların dominantlığı altında özlərini tam aça bilməməyi göstərilib. Oğlanlarda enerji, fiziki güc daha çoxdur deyə onlar məktəb illərində belə qızlar üzərində dominant olurlar. Qadınlar bütün ölkələrdə, bütün cəmiyyətlərdə kişilərdən daha az riskə gedir və kişilərdən daha az rəqabətçildir. Onları ayıranda bu zaman qızlar həmcinsləri ilə rəqabət aparır və daha yaxşı nəticələr göstərirlər. Araşdırmalar göstərir ki, təhsil sistemində iki genderin ayrı-ayrı təhsil alması daha effektivdir". Bu fikirləri podkast verilişlərinin birində iqtisadçı Fərhad Pərvizi səsləndirib.
Bizimyol.info xəbər portalına mövzu ilə bağlı təhsil eksperti Kamil Talıbov açıqlamasında oğlan və qızların bir yerdə təhsil almasını dəstəklədiyini bildirib: “Düşünürəm ki, bu ingilis alimləri feministdirlər. Çünki istənilən halda xanımlarla bəylərin eyni yerdə təhsil alması onların inkişafı üçün də yaxşıdır. Xırda bir müqayisə edək. Ən azından Azərbaycan Dövlət Bədən Tərbiyəsi İdman Akademiyasında həm əxlaq, həm davranış baxımından hər cür pis halların olduğunu görə bilirik. Niyə? Çünki orda oğlanların həya edə biləcəyi bir qarşı cins yoxdur və məktəbin və siniflərin idarə olunmasında həmişə qız və oğlan tələbələrinin eyni yerdə olması sinif idarəetməsini daha da rahatlaşdırır. 15-20 nəfərdən ibarət oğlanlar olan sinfin idarəetməsi daha çətin olur. Həm də orda uşaqlar ağzına gələni rahatlıqla danışa bilirlər. Öz danışıqlarına fikir vermirlər. Amma bir oğlanın yanında bir qız uşağı olanda istər-istəməz öz davranışına, danışığına fikir verir”.
Kamil Talıbov
Təhsil eksperti qeyd edib ki, oğlanların dominantlıq göstərməsini qızlara mənfi təsiri olacağını düşünmürəm: “Mən düşünmürəm ki, oğlanların dominantlıq göstərməsi qızlara mənfi təsir edər. Əgər tədrisə elə bir mənfi təsir göstəmiş olsaydı və qızlar həqiqətən də oğlan uşaqlarının yanında özlərini zəif hesab etmiş olsaydı, qəbul imtahan nəticələrində bu vəziyyət özünü aşkar şəkildə göstərərdi. Amma biz hər il qəbul imtahanlarında maksimal və maksimala yaxın bal yığan kifayət qədər xanım abituriyentlər görürük. Ona görə düşünürəm ki, ələlxüsus bizim ölkə üçün bu yanlış yanaşma olar. Çünki bizim ölkədə dini məsələlər də var. Ona görə elə yaxşı olar ki, oğlan və qızlar bir sinifdə təhsil alsınlar”.
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.