AZ

Qarabağ Universitetində yeni tibb fakültəsi - yeniliyin mahiyyəti nədən ibarətdir...


Qarabağ tarixən həm dövlətçilik, həm də elm tariximizin inkişafında mühum rol oynayıb. Mədəniyyətin, elmin tərəqqisinə hər zaman töhfə verən Qarabağda elm ocaqları da mövcud olub. Qarabağ Universitetinin yaradılması ölkə elmində, müasir dövlətçilik tarixinin təbliğində xüsusi əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2023-cü il tarixili Sərəncamı ilə Qarabağ Universitetinin yaradılması haqqında qərar verildi. Artıq iki ildir ki, adıçəkilən universitet tələbələrə təhsil verir. Bu il Qarabağ Universitetində tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyət göstərəcək. Bu fakültənin məzmunca indiyədək fəaliyyət göstərmiş digər fakültələrdən fərqi nə olacaq?

Ceyhun Məmmədov: "Qarabağ Universitetində tibb və sağlamlıq fakültəsinin açılması çox vacib və önəmlidir"

Millət vəkili Ceyhun Məmmədov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Qarabağ Universitetində tibb və sağlamlıq fakültəsinin açılması çox vacib və önəmlidir: "Ən vacib məsələlərdən biri proqramla bağlıdır. Proqram müsbət tərtib olunacaqsa, nəticələr də yaxşı olar.

Bu gün hər bir azərbaycanlının ürəyi Qarabağla döyünür.Bu öz ərazilərində suverenliyini bərpa edən Azərbaycan dəvlətinin ən böyük uğurudur. Biz o ali məktəbə gənclərimizi cəlb etməklə bir daha dünyaya göstərəcəyik ki, Xankəndi, Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz hissəsidir. Qarabağ Universiteti də bu məsələdə önəmli missiya daşıyır, o, dövlətçiliyik və elm tariximizin yeni mərhələsinin ən vacib örnəklərindən biri kimi özünü göstərəcək".

Kamran Əsədov: "Qarabağ Universitetində yaradılmış tibbi təhsil mühiti yüksək keyfiyyətli, praktika yönümlü və innovativ yanaşmalara əsaslanır"

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə tibbi kadrlara ehtiyacın ödənməsi üçün Qarabağ Universiteti müstəsna rola malikdir: "Nəzərə almaq lazımdır ki, kifayət qədər böyük ərazidir və orada yeni infrastruktur qurulur. Bu da o deməkdir ki, ilkin tibbi yardım, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı və digər ixtisaslardan məzun olanlara ehtiyac var. Tələbələrin pulsuz təhsil alması, işçilərə yüksək əməkhaqqının verilməsi universitetlər arasında yeni rəqabət mühiti formalaşdıracaq. Odur ki, bir neçə ildən sonra Qarabağ Universitetinin dünya reytinqində olduğunu görə biləcəyik.

Tibbi təhsil prosesində real klinik mühitin mövcudluğu tələbələrin peşəkar hazırlığı baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ Universitetində yaradılmış təhsil infrastrukturu və klinik baza regionda ixtisaslı tibbi kadrların yerində hazırlanmasına şərait yaradır, bu isə ölkə səhiyyəsi üçün strateji əhəmiyyət kəsb edir. Qarabağ Universitetində tibbi kadrların hazırlanması gələcəkdə bölgənin sağlamlıq infrastrukturunun əsas təməl daşlarından biri olacaq. Yerli mühitdə yetişən həkimlər əhaliyə daha yaxın və effektiv xidmət göstərə bilirlər.

Qarabağ Universitetində yaradılmış tibbi təhsil mühiti yüksək keyfiyyətli, praktika yönümlü və innovativ yanaşmalara əsaslanır".

Günel CƏLİLOVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr