AZ

Xankəndidəki təxribat cəhdi: Arxasında hansı qüvvələr dayanır?

Dünən Xankəndidə erməni əsilli sakin Karen Avanesyan tərəfindən baş verən silahlı təxribat cəhdi hər kəsin diqqətini cəlb etdi. 

Əsas sual budur: şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılan zaman 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərən Karenin arxasında kimlər və ya hansı qüvvələr dayanır, məqsədləri nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, Azərbaycan Vətən müharibəsindən, şanlı qələbəsindən və bir günlük antiterror əməliyyatından sonra suverenliyini tam bərpa edib:

"Bu gün biz fəxrlə qeyd edirik ki, ölkəmiz dünyanın ən stabil, inkişaf etməkdə olan və nüfuzlu dövlətlərindən birinə çevrilir. Prezident İlham Əliyev təkcə Azərbaycan rəhbəri kimi deyil, həm də qlobal siyasi arenada nüfuzlu dünya liderləri sırasında mövqeyini möhkəmlədib. Dövlət başçısının şəxsi nüfuzu, ona göstərilən hörmət və etibar hər bir azərbaycanlını qürurlandırır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti, bərpa və abadlıq işləri görülür. Prezident mütəmadi olaraq bölgəyə səfər edir, yeni infrastrukturun bünövrəsinin qoyulması, istifadəyə verilən obyektlərin açılışlarında iştirak edir. Nəticədə, göz önündə dünyanın ən abad, müasir və innovativ bölgəsi formalaşır, mərhələli şəkildə sakinlər öz ata-baba yurdlarına qayıdır.

Bu inkişaf prosesləri Qarabağın ən böyük şəhəri olan Xankəndiyə də aiddir. Artıq şəhərdə dirçəliş başlayıb, Xankəndi öz əzəmətini bərpa edir. Burada iri universitet, dövlət qurumları, şəhər infrastrukturu formalaşıb, əhali sayı artır, tələbələr, müəllimlər məskunlaşır, ictimai iaşə obyektləri, hotellər açılır. Bir sözlə, Xankəndi inkişaf edir, şəhərdə insanların rahat və sabit yaşayışı üçün bütün şərait yaradılır. Təəssüf doğuran məqam isə şəhərdə yaşayan erməni əsilli vətəndaşın təxribat törətməyə cəhd göstərməsidir. Azərbaycan vətəndaşlığını qəbul etmiş həmin şəxsin silahlanması, polisə müqavimət göstərməsi stabilliyi pozmaq niyyətindən xəbər verir. Hazırda o, cinayət məsuliyyətinə cəlb olunub. Sağaldıqdan sonra istintaqa ifadə verəcək, hadisənin bütün təfərrüatları araşdırılacaq. Dövlət Təhlükəsizlik Xidməti, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyi məsələ üzərində ciddi işləyir".

Millət vəkili qeyd etdi ki, rəsmi qurumlar ictimai asayişin qorunmasında mühüm rol oynayır və heç bir qüvvə ölkədə stabiliyi poza bilməz:

"Təxribatçı şəxs törətdiyi əmələ görə qanun qarşısında cavab verəcək. Lakin onun təkbaşına hərəkət edib-etmədiyi, sifariş yerinə yetirib-yetirmədiyi və arxasında hansı qüvvələrin dayandığı istintaq başa çatdıqdan sonra məlum olacaq. Əsas məqam budur ki, heç bir dövlət və ya qüvvə Azərbaycana təsir göstərə bilməz. Ölkəmiz sürətlə inkişaf edir və həm Xankəndi, həm də Qarabağın digər şəhər və kəndləri, eləcə də Şərqi Zəngəzurun rayon və qəsəbələri dayanıqlı inkişaf yolundadır. Bu proses davamlı olacaq, insanlar öz torpaqlarına qayıdaraq ləyaqətlə yaşayacaqlar".

Nuriyyə NATİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr