AZ

Qələbələr beşilliyi - hərbdə, diplomatiyada və siyasətdə kimlərə qalib gəldik...


Prezident İlham Əliyevin dediyi “5 illik qələbə tarixi” yalnız 2020-ci ilin hərbi zəfəri deyil...

Prezident İlham Əliyevin Xocavənd səfərində verdiyi bəyanat bir neçə mühüm siyasi mesaj daşıyır. Onun Azərbaycanın son 5 ilini “qələbə tarixi” adlandırması ilk növbədə 2020-ci ilin Vətən müharibəsindən sonra əldə olunan uğurların davamlı şəkildə vurğulanması ilə bağlıdır.

Əliyevin “heç bir dövlət bizim iradəmizə təsir göstərə bilməyib” fikri isə aşağıdakı məqamları ehtiva edir.

Birinci növbədə bu ifadə Azərbaycan dövlətinin müstəqil siyasi kursunu özündə ehtiva edir. Azərbaycan son 5 ildə regionda balanslaşdırılmış, amma eyni zamanda, müstəqil siyasət apararaq qərarlarını kənar təsirdən asılı olmadan verir.

İkincisi, həlledici qələbədən - 44 günlük müharibənin zəfərlə başa çatdırılmasından sonrakı mərhələ də uğurla davam etdirildi. Qarabağ üzərində tam suverenliyin bərpa olunması, separatizmin tamamilə aradan qaldırılması və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması bu “tarixin” əsas sütunlarıdır. Qeyd etmək yerinə düşər ki, son 50-60 ildə heç bir oxşar münaqişə həllini tapa bilməyib. Azərbaycan dövlətinin öz gücünə reallaşdırdığı Qarabağ münaqişəsinin həlli beynəlxalq presedentə çevrildi.

Üçüncüsü, Azərbaycan dövləti son beş ildə regional güc statusu qazanıb. Azərbaycan həm hərbi, həm də diplomatik sahədə iradəsini diqtə edən aktora çevrildiyini nümayiş etdirir. Bu gün Azərbaycan siyasi-diplomatik baxımdan Cənubi Qafqazın lider ölkəsidir. Buraya coğrafi-iqtisadi aspektləri də əlavə etsək, Bakının beynəlxalq arenada əlini gücləndirən faktorları aydın təsəvvür etmək olar.

Azərbaycan dövləti bu beş ildə xarici təzyiqlərə mətunliklə sinə gərdi. Çünki bizim bu qələbələrimizi Türkiyədən başqa, demək olar ki, heç bir dövlət istəmirdi. Xüsusilə Qərb dairələrinin və bəzi beynəlxalq təşkilatların tənqidlərinə baxmayaraq, Bakı bu siyasətdən geri çəkilmədiyini göstərir.

Prezident İlham Əliyevin Xocavənddəki çıxışı həm daxili auditoriyaya, həm də xarici qüvvələrə ünvanlanmış simvolik mesajdır: Azərbaycanın 5 illik tarixi yalnız hərbi yox, həm də siyasi, iqtisadi və diplomatik müstəqilliyin möhkəmləndiyi bir dövr kimi təqdim olunur.

İndi isə gəlin, prezident İlham Əliyevin vurğuladığı "son 5 illik qələbə tarixi"ni əsas mərhələlər üzrə xronoloji ardıcıllıqla nəzərdən keçirək.

Ən yeni Azərbaycan tarixində 2018-2019-cu illəri dövlətin taleyində yaşanacaq mühüm mərhələyə hazırlıq dövrü kimi qiymətləndirmək olar. Azərbaycan ordusunun modernləşdirilməsi sürətləndirildi, yeni silah və texnologiyalar əldə edildi. Xarici siyasətdə balanslı kurs davam etdirildi, regionda nüfuz artırıldı. Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi fonunda Qarabağ məsələsində kompromisli mövqelər gözlənilsə də, nəticəsiz qaldı.

2020-ci il isə 44 günlük Vətən müharibəsi və parlaq Qələbə ilə Azərbaycan tarixinə düşdü. 27 sentyabr - 10 noyabr 2020-il tarixlərində Azərbaycan ordusu 30 il işğalda olan torpaqların böyük hissəsini azad etdi. Şuşanın azad olunması müharibənin həlledici anı oldu. 10 noyabr bəyanatı ilə Ermənistan kapitulyasiya etdi, Rusiya sülhməramlıları müvəqqəti olaraq Qarabağa yerləşdirildi.

2021-ci ildən Azərbaycan hökuməti başlatdığı prosesi dinc yolla sona catdırmaq üçün reinteqrasiya prosesinə başladı. Azərbaycan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramına start verdi. Zəngəzur dəhlizi və regionda yeni kommunikasiya xətləri gündəmə gəldi. Ermənistanla sülh danışıqlarının ilk konturları formalaşmağa başladı.

2022-ci ildə Ermənistanla danışıqlarda sərhəd və diplomatik üstünlüklərə nail olundu. Azərbaycan-Ermənistan sərhədində lokal əməliyyatlarla yeni yüksəkliklər nəzarətə götürüldü. Brüssel formatında sülh danışıqları aparıldı, Ermənistanın beynəlxalq öhdəlikləri gündəmə gətirildi.

Azərbaycan enerji diplomatiyası ilə Avropada strateji tərəfdaşlığını möhkəmləndirdi.

2023-cü il Azərbaycan tarixinə suverenliyin tam bərpası ili kimi qızıl hərflərlə yazıldı. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda məhdud antiterror əməliyyatı keçirildi. Separatçı rejim tamamilə ləğv edildi. Qarabağdakı erməni silahlı dəstələri tərksilah olundu, Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi. Bu hadisə Azərbaycanın müstəqillik tarixində yeni mərhələ açdı.

2024–2025-ci illər isə Qələbədən sonra möhkəmlənmə dôvrü kimi təsnif edilə bilər. Qarabağda sürətli bərpa və məskunlaşma işləri aparılmağa başladı.

Azərbaycanın beynəlxalq mövqeyi gücləndi, COP29-un Bakıda keçirilməsi ölkənin qlobal nüfuzunu təsdiqlədi.

Ermənistanla sülh müqaviləsi istiqamətində müzakirələr yeni mərhələyə qədəm qoydu. Ermənistan Azərbaycanın təklif etdiyi 17 maddədən ibarət sülh sazişini qəbul etdi. 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüşdə sülh sazişi paraflandı (yəni bu sazişin şərtləri dəyişdirilə bilməyən mərhələyə yüksəldi), Zəngəzur dəhlizinin ABŞ-ın nəzarəti altında açılması razılaşdırıldı. Bununla Azərbaycan regionda həm hərbi, həm də iqtisadi güc mərkəzi statusunu möhkəmləndirdi.

Bu beş il ərzində Azərbaycan döyüş meydanında Ermənistana və onun müttəfiqlərinə qalib gəldi, beynəlxalq arenada dünyanın müxtəlif ölkələrində məskunlaşan erməni lobbisini məğlub etdi, beynəlxalq təşkilatlarda Azərbaycanın haqqını danan qüvvələrə yerini göstərdi. Çunki müəyyən qüvvələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda apardığı mübarizəni həyasızcasına "ədalətsiz" sayırdı. Məsələn, 44 günlük müharibənin getdiyi dövrdə Fransa BMT-də Azərbaycan əleyhinə qətnaməni müzakirəyə təqdim etmişdi, amma qəbul edilmədi. Yəni Ermənistanın müttəfiqləri olan Fransa, Rusiya, İran, Hindistan və digər bu kimi ölkələr Azərbaycan dövləti qarşısında biyabırçı məğlubiyyətə uğradı. Hətta ABŞ-də Bayden administrasiyası belə yenildi, onlar məqsədlərinə nail ola bilmədilər.

Yəni Əliyevin dediyi “5 illik qələbə tarixi” yalnız 2020-ci ilin hərbi zəfəri deyil, həm də sonrakı illərdə Azərbaycanın suverenlik, təhlükəsizlik və beynəlxalq mövqe baxımından qazandığı ardıcıl nailiyyətlər deməkdir.

Akif NƏSİRLİ

Seçilən
33
baki-xeber.com

1Mənbələr