Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1 milyard 381,386 milyon ABŞ dolları dəyərində 74 481 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,3 % çox və 26,4 % çoxdur.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,9 dəfə artaraq 478 ədəd (43,239 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 28,8 % artaraq 68 295 ədəd (1 milyard 242,959 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 11 531-i (241,824 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 25 652-si (491,222 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 412-si (44,289 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 24,5 % artması, ikincinin 6 dəfə azalması, üçüncünün isə 28,4 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 1,8 % azalaraq 5 369 ədəd (63,736 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 11,9 % artaraq 339 ədəd (31,452 milyon ABŞ dolları dəyərində) olub.