AZ

Yeni tədris ilinə adaptasiya: Valideynlər üçün psixoloq tövsiyələri

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yeni tədris ilinin başlanması uşaqlar, valideynlər və müəllimlər üçün həm həyəcanlı, həm də məsuliyyətli bir dövrdür. Yay tətilindən sonra yenidən dərs ritminə qayıtmaq bir çox şagird üçün müəyyən çətinliklər yarada bilər.

Bu prosesdə emosional vəziyyət, gündəlik rejimə uyğunlaşma və sosial münasibətlər ön plana çıxır. Mütəxəssislər isə qeyd edirlər ki, düzgün yanaşma ilə bu keçid uşaqlar üçün həm rahat, həm də motivasiyaedici ola bilər.

Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova mövzunu belə şərh edib:

“Hər il sentyabr ayında uşaqların gündəlik həyatında ciddi dəyişikliklər baş verir. Yay tətilindən sonra rejimin dəyişməsi bir çox şagirdlərdə həyəcan, yorğunluq və hətta stres yarada bilir. Valideynlər övladlarının bu emosional keçidini başa düşməli və onlara dəstək olmalıdırlar.

İlk günlərdə uşaqları dərslərə məcbur etmək və yüksək nəticə gözləmək doğru yanaşma deyil. Əksinə, məktəb mühitinə alışmaları üçün onlara vaxt vermək, motivasiyaedici sözlər söyləmək lazımdır. Uşaqların məktəbə sevə-sevə getməsi üçün müəllimlərin də rolu böyükdür. Müəllimlər ilk günlərdə sinifdə mehriban atmosfer yaratmalı, kollektivə adaptasiyanı asanlaşdırmalıdırlar”.

Psixoloq deyib ki, bəzi şagirdlər üçün sosiallaşma prosesi daha çətin olur:

“Bu hallarda valideynlər övladlarının dostluq münasibətlərini izləməli, zəruri məqamlarda yönləndirmə aparmalıdırlar. Uşaqların gündəlik rejimə öyrəşməsi üçün yuxu və qidalanma saatları da tədricən nizama salınmalıdır.

Yeni tədris ilinə uyğunlaşma yalnız uşaqlar üçün deyil, həm də valideynlər üçün bir imtahandır. Əgər valideyn övladının məktəbə qarşı müsbət münasibət formalaşdırmasını istəyirsə, özü də təhsilə dəyər verdiyini davranışında göstərməlidir”.

S.Həbibovanın sözlərinə görə, əsas məqsəd uşaqlarda öyrənməyə maraq yaratmaq və məktəbin yalnız bilik yeri deyil, həm də dostluq və ünsiyyət mühiti olduğunu göstərməkdir.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr