AZ

Netanyahu: Bu ölkələr toxunulmaz deyil

BAKI, 15 sentyabr. TELEQRAF

“Terrorçulara sığınacaq verən ölkələrin suverenliklərinin toxunulmazlıq hüququ yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Qətərə hava zərbələrini şərh edərkən bildirib.

Baş nazir vurğulayıb ki, bunda məqsəd HƏMAS Hərəkatının rəhbərliyini məhv etmək olub.

İsrailə səfərə gələn ABŞ dövlət katibi Marko Rubio ilə birgə mətbuat konfransında danışan Netanyahu ölkəsinin addımlarını Vaşinqtonun 2001-ci il sentyabrın 11-də terror aktlarından sonra başlayan Əfqanıstandakı hərbi kampaniyası ilə müqayisə edib.

Netanyahu xatırladıb ki, 11 sentyabr hücumlarından sonra BMT Təhlükəsizlik Şurası dövlətlərə terrorçulara sığınacaq verməyi qadağan edən 1373 saylı qətnamə qəbul edib. Baş nazirin sözlərinə görə, bu sənədin təsiri hər hansı konkret işə deyil, bütün dünyaya və bütün ölkələrə şamil olunur. Bu əsasda o xatırladıb ki, ABŞ bu dövlətlərin suverenliyini nəzərə almadan “Əl-Qaidə” terror təşkilatının Əfqanıstan və Pakistandakı sığınacaqlarına hücum edib.

“Bu gün İsraili qınayan ölkələr o zaman demədilər: “Pisdir, Əfqanıstanın suverenliyi pozuldu, Pakistanın suverenliyi pozuldu. Terrorçulara öz dəhşətli əməllərini edə biləcəkləri bir yer təmin etdiyiniz zaman belə bir suverenliyiniz yoxdur, beynəlxalq hüquqa görə, istənilən ölkənin öz sərhədlərindən kənarda öz vətəndaşlarını kütləvi şəkildə öldürənlərdən müdafiə etmək hüququ var”, - İsrail lideri bildirib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələri HƏMAS rəhbərliyinin Dohadakı qərargahına zərbələr endirib. İsrail Hücum zamanı hərəkatın hərbi-siyasi liderlərinin öldüyünü açıqlayıb.

Seçilən
6
teleqraf.com

1Mənbələr