AZ

Vətəndaş pensiya kapitalını öncədən ala bilərmi?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son vaxtlar pensiya ilə bağlı müxtəlif məsələlər müzakirə obyektinə çevrilib.

Vətəndaşları narahat edən məsələlər sırasında əsasən pensiya yaşının çox olması, pensiya kapitalının toplanması, vəfat edən şəxsin ölümündən sonra pensiya məbləğinin varisə ötürülməsi kimi amillər yer alır.

Vətəndaşları ən çox düşündürən məsələlərdən biri də odur ki, onlar pensiyaya çıxdıqdan sonra deyil, öz problemlərini həll etmək üçün toplanan vəsaiti öncədən əldə etmək istəyirlər.

Azərbaycanda miqdarından asılı olmayaraq toplanılan pensiya kapitalını vətəndaş öncədən əldə edə bilərmi? 

Məsələ ilə bağlı iqtisadçı-eskpert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, vətəndaşın öz pensiya kapitalını götürməsi ilə bağlı indiki şərtlər daxilində yalnız bir məhdud növ var:

“Bu da “Həyat sığortası” mexanizmi vasitəsilə 3 il müddətindədir. Onun da əhatə dairəsi azaldılıb, ötən il qanunvericiliyə yenidən dəyişiklik edildi. Dövlət müəssisələrində çalışanların bu imkandan yararlanma şansı azaldıldı. 

Yəni 3 il müddətində “Sosial sığorta haqqında” Qanunla “Həyat sığortası” mexanizmindən yararlanmaq imkanı təmin edildi ki, bu zaman hesablanmış sığorta məbləğinin 50 faizinə qədəri məhz bu məqsədlə xidmət göstərən bankda toplanır və 3 ildən sonra toplanmış məbləği vətəndaş ala bilirdi. Belə bir mexanizmi kənara qoysaq hələlik Azərbaycanda belə bir mexanizm yoxdur”. 

Ekspert deyir ki, ancaq dünyada belə bir təcrübə var: 

“Azərbaycanda zaman-zaman müxtəlif təkliflər gündəmə gətirilib. Sığorta əslində bu və ya digər şəkildə insanın rifahı ilə bağlı yaranmış risklərin sığortalanmasıdır.

Düzdür, bu, insanın müəyyən yaş həddində, ahıllıq dövründə sığortalanmadır. Ancaq eyni zamanda əgər vətəndaş məsələn, 65 yaşına çatmamış  60 yaşında ciddi problemi yaranırsa, xaricdə müalicə olunmalıdırsa və bunun üçün də vəsaiti yoxdursa, xaricdə müalicə olunmadıqda həyatını itirəcəksə artıq onun ahıllıq dövründən söhbət getmir.

Müəyyən bir şərtlər daxilində hüquqi əsaslar yaratmaqla zəruri hallarda məsələn, vətəndaşın mənzili yoxdursa, əgər o Bakıda və yaxud Abşeron yarımadasında yaşayırsa, minimum 500 manat kirayə verməlidir və bu zaman ona 300-400 pensiyanın təyin edilməsinin nə mənası var? Ancaq o şəxs həmin vəsaiti götürüb özünə mənzil ala bilər. 

Mənzil almaqla öz həyat şəraitini yaxşılaşdırar, 500 manat xərcdən xilas ola bilər. Bunlar hamısı müzakirə edilməklə müəyyən imkanların yaradılması mümkündür”.

Onun sözlərinə görə, burada məsələyə insanəsaslı yanaşmaq lazımdır:

“Həmin insanlar əziyyət çəkir, əməkhaqqından tutmalar həyata keçirilir. Bu və ya digər şəkildə geridönüşünün ədalətliliyi təmin edildiyi halda pensiya sisteminin etbarlılığı artır. İnsanlar formal əmək bazarında iştiraka daha çox meyilli olurlar.

Bugünkü şərtlər daxilində insanlar asan şəkildə centlmen sövdələşmələrinə daha çox meyillidir. Yəni 1000 manatlıq əməkhaqqında 250 manatlıq bir sosial sığorta ödəniş yükü yaranır. 

Bunu qarşılıqlı olaraq öz aralarında bölüşdürməklə, yəni “nağd olsun, soğan olsun” düşüncəsi ilə sabahı və uzunmüddətli dövrü planlaşdırmaq üçün iqtisadi imkanı olmayan vətəndaş hazırda 50 manat əməkhaqqına daha çox üstünlük verir, nəinki yaşlılıq vaxtı çatacaq, ona pensiya təyin olunacaq, həmin vaxtı qanun dəyişəcək-dəyişməyəcək.

Yəni bunların hər biri şərtdir. Bizdə pensiya sisteminə etibar yoxdur. Pensiya sistemi bunu formalaşdıra bilməyib. Həm qanunvericiliyin tez-tez dəyişməsi, eyni zamanda yaş həddi məsələləri var, kişilərin hər ikisindən biri pensiya yaşına çatmır.

Bu kimi məsələlər  müvafiq sistemə etibarın artırılması kontekstində dərindən təhlil oluna bilər, ədalətlilik prinsipinin təmin olunması, vətəndaşın bu və ya digər şəkildə mülkiyyəti olan sığortanın, orada toplanmış məbləğin geridönüşünün təmin edilməsi ilə bağlı müxtəlif istiqamətlər formalaşdırmaq olar”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

pensiya Rəşad Həsənov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr