AZ

"Azərbaycanın təklif etdiyi sülh, Ermənistanın yeganə xilas yoludur" - AÇIQLAMA

"Azərbaycanın təklif etdiyi sülh, Ermənistanın yeganə xilas yoludur" - AÇIQLAMAAzərbaycanda separatçılığa yer yoxdur.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşdə deyib.

"Biz heç vaxt müharibə istəməmişik və mən 17 il Ermənistan rəhbərləri ilə danışıqlar aparmışam. Onları inandırmağa çalışmışam ki, əgər siz öz xoşunuzla torpağımızdan çıxmasanız, müharibə qaçılmazdır. Amma onlar hesab edirdilər ki, bu olmayacaq. Hesab edirdilər ki, onların arxasında duran böyük dövlətlər, güclər, onlara silah verən, pul verən, siyasi dəstək verən onları hər dəfə, hər zaman qoruyacaq", -dövlət başçısı vurğulayıb.

Prezident onu da diqqətə çatdırıb ki, qarşı tərəf Azərbaycanın iradəsini düzgün hesablaya bilməmişdi:

"Amma mən dəfələrlə onlara demişdim ki, öz xoşunuzla çıxın. Hətta İkinci Qarabağ müharibəsindən sonra, artıq bizim şanlı Zəfərimizdən sonra, Şuşanın azad olunmasından sonra onlara deyirdim ki, Azərbaycanda separatçılığa yer yoxdur. Gəlin, Azərbaycan qanunlarına tabe olun, gəlin, Azərbaycan vətəndaşlığını qəbul edin və burada yaşayın, sizə söz deyən olmayacaq. Yenə də bizə qarşı həm hərbi təxribatlar, həm siyasi təxribatlar, yekəxanalıq və faktiki olaraq, mənfi münasibət özünü göstərdi".

"Prezident İlham Əliyevin Xocalının Badara kəndindəki bəyanatları Azərbaycanın sülhə sadiqliyini, eyni zamanda milli maraqlardan geri çəkilməyəcəyini göstərən mühüm bir siyasətdir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Dövlət başçısının "Azərbaycanda separatçılığa yer yoxdur" sözləri ölkənin suverenlik və ərazi bütövlüyü prinsiplərinə sarsılmaz bağlılığının açıq ifadəsidir. Bu bəyanat həm Ermənistan, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış dəqiq və qəti bir mesajdır.

Prezidentin 17 il ərzində Ermənistan rəhbərlərini danışıqlar yolu ilə sülhə razı salma cəhdləri Azərbaycanın müharibəni son çarə olaraq gördüyünü təsdiqləyir. Lakin Ermənistanın "böyük dövlətlərə" arxalanaraq Azərbaycanın iradəsini düzgün hesablaya bilməməsi onların strateji səhvə yol verdiyini göstərir. Bu, Azərbaycanın öz gücünə və müstəqil siyasətinə əsaslanan qətiyyətini nümayiş etdirir.

Dövlət başçısının bu sözləri rəsmi Bakının beynəlxalq hüquqa əsaslanan mövqeyindən heç vaxt geri çəkilməyəcəyini vurğulayır. Bu həm də onu göstərir ki, Azərbaycan regionda yeni bir reallıq yaradıb və bu reallıq qəti və sarsılmazdır.

Bu bəyanat həm də Azərbaycan cəmiyyətindəki birliyin və dövlətə olan inamın möhkəmləndiyini əks etdirir. Prezidentin Xocalıda, yəni işğaldan azad edilmiş torpaqda etdiyi çıxış bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunun simvolik ifadəsidir. Bu, gələcəkdə hər hansı bir separatizm cəhdinin qarşısının qətiyyətlə alınacağına dair bir xəbərdarlıqdır. Azərbaycanın daxili birliyi və beynəlxalq səviyyədə artan nüfuzu regionda davamlı sülhün və sabitliyin yeganə zəmanətidir. Azərbaycanın təklif etdiyi sülh yolu Ermənistanın yeganə xilas yoludur".

Seçilən
27
sonxeber.az

1Mənbələr