“Ötən il yarışda iştirak etmək istəsəm də, bəzi səbəblərə görə alınmamışdı. Amma bu il qeydiyyat açıldığı gün müraciət etdim. Bir müddət sonra müsahibəyə dəvət olundum. Düşünmürdüm ki, müsahibədən keçəcəyəm, çünki otuz bir min insan müraciət etmişdi. Sevinirəm ki, belə bir yarışda ilk dəfə könüllü olaraq fəaliyyət göstərərək təcrübə qazanacağam”.
Bu sözləri Teleqraf-a açıqlamasında Formula 1 könüllüsü, Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Nərmin Quluzadə deyib.
O, Qran-Pridəki fəaliyyətindən danışıb, hazırlıqların yüksək səviyyədə davam etdiyini bildirib: “Formula 1-ə böyük həvəsim var. Daha əvvəl də bu yarışları izləyirdim. Mənim üçün belə beynəlxalq yarışda iştirak etmək böyük təcrübə olacaq. Gələcəkdə magistratura təhsilimi xaricdə almaq istəyirəm. Buna görə də öz ölkəmdə gördüyüm fəaliyyətlər çox vacibdir. Eyni zamanda insanlarla sosiallaşmaq və komanda şəklində işləmək olduqca önəmlidir”.