AZ

Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yekun tədbiri keçirilib - FOTOLAR

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kurslarının keçirilməsi” layihəsinin icrasını başa çatdırıb.

"Cebheinfo.az" xəbər verir ki, 14 sentyabr 2025-ci il tarixində Bakının Yasamal rayonu ərazisində yerləşən tarixi Zərgərpalan hamamında layihənin yekununa həsr olunmuş tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən layihənin rəhbəri, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihənin əhəmiyyəti, layihə çərçivəsində görülən işlər, uğurlu təcrübənin gələcək üçün perspektivləri və davamlılığını təmin etmək üçün planlaşdırılan fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra layihənin eksperti Prof.Dr. Qafar Cəbiyev layihənin uğurla başa çatdığını, mədəni irsin qorunması istiqamətində görülən işlərin vacibliyini, bu sahədə çalışanların maarifləndirilməsinin əhəmiyyətini və gənclərin mədəni irsin qorunmasına təşviq edilməsinin önəmini vurğulayıb.

Tədbirdə layihə çərçivəsində keçirilmiş təlimlərin iştirakçıları diplomla təltif olunub, təlimlərdə mühazirə ilə çıxış edən ekspertlərə isə sertifikatlar təqdim edilib. Eyni zamanda layihə çərçivəsində hazırlanmış tədris vəsaiti iştirakçılara təqdim olunub.

Qeyd edək ki, layihə “MİM – Mədəni İrs Beynəlxalq Ustad Məktəbi”nin yaradılması vasitəsilə cəmiyyətin mədəni irs sahəsində maarifləndirilməsinə yönəlib. Layihə çərçivəsində ali, orta-ixtisas və ümumtəhsil müəssisələri, həmçinin elmi qurumlardan maraq qrupları arasında mədəni irs sahəsində savadlılığın təşviqi nəzərdə tutulurdu. Bu məqsədlə yerli və beynəlxalq səviyyədə tanınan ekspertlərin iştirakı ilə tədris proqramı və vəsaiti hazırlanıb, 4 təhsil müəssisəsinin şagird, tələbə və müəllim heyəti üçün müxtəlif mövzularda seminarlar, 30 mütəxəssisin iştirakı ilə 16 mövzunu əhatə edən 8 günlük praktiki dərslər təşkil olunub.

Layihənin tədbirlər planına əsasən, tədris vəsaiti nəşr edilib, Kütləvi Açıq Onlayn Kurslar (MOOC) hazırlanıb və 16 mövzu üzrə video dərslər “YouTube” platformasında ictimaiyyətə açıq elan olunub. Layihə dövründə mütəmadi olaraq press-relizlər yayımlanıb, media və sosial platformalar üzərindən ictimaiyyət layihənin gedişatı barədə məlumatlandırılıb.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

"Cebheinfo.az"

Seçilən
10
3
cebheinfo.az

4Mənbələr