AZ

Leandro Andrade atasının ideal ssenarisini açıqladı: “Benfika” 4-3 qalib gəlir, mən het-trik edirəm”

“Qarabağ”ın vingeri Leandro Andrade sabah Lissabonda Portuqaliyanın “Benfika” klubuna qarşı keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin start turu oyunundan öncə fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, bu barədə o,  "O Jogo" saytının suallarını cavablandırıb.

– “Benfika” ilə qarşıdakı oyun barədə nə düşünürsünüz?

- Əslində, püşkatmadan öncə biz “Benfika”ya düşmək istədiyimizi aramızda müzakirə edirdik. Bu, asan rəqib olacağı üçün deyil, sadəcə, “Da Luş” stadionunda oynamaq təcrübəmiz olduğuna görə idi. Komandamızdakı bir çox futbolçu əvvəllər Portuqaliyada çıxış edib. Mən “Benfika”nın bütün oyunlarını izləyirəm və görürəm ki, onlar “Santa Klara” ilə (1:1) son matçda olduğundan qat-qat güclü komandadır. “Qarabağ”ın oyunçusu kimi istərdim ki, bizə qarşı da eyni səviyyədə oynasınlar (gülür).

– “Benfika” sizdən nə gözləməlidir?

- Baş məşqçimizin çox güclü futbol fəlsəfəsi var. Harada oynamağımızdan asılı olmayaraq, həmişə prinsiplərimizə sadiq qalırıq: topa nəzarət, oyuna hakim olmaq, cəsarətlə xətlər arasında hərəkət, pressinq, topu ələ keçirmək və sürətə güvənmək. Ən əsası – inamla, qorxmadan öz futbolumuzu qəbul etdirməkdir.

– Başqa sözlə, “Da Luş”da “Qarabağ”ın müdafiəyə qapanacağını gözləyənlər yanılır?

- Əlbəttə. Biz həmişə eyni futbol oynayırıq – rəqibin kimliyindən asılı olmayaraq. İstər “Braqa”, istərsə də “Tottenhem” və ya “Ayaks” olsun.

– Daha yüksək reytinqli komandaların bəzən “Qarabağ”ı az tanımaları səbəbindən bir qədər yuxarıdan baxdıqlarını düşünürsünüzmü?

- Bəli. Xatırlayıram, “Braqa” ilə qarşılaşanda Portuqaliya kanallarında oyunöncəsi verilişdə futbolçular müqayisə edilirdi. Orada bütün mövqelərdə “Braqa”nın üstün olduğunu deyirdilər. Mən də bununla razılaşırdım, amma həmin yanaşma bizə motivasiya verdi. Düşünürəm ki, bu, xeyrimizə oldu.

– İki mövsüm əvvəl Avropa Liqasının 1/8 finalına qədər yüksəlib “Bayer”ə uduzdunuz. Keçən mövsüm isə əsas mərhələdə sonuncu oldunuz. Bunun səbəbi nə idi?

- O qədər uğurlu mövsüm keçirdik ki, sonrakı il bu, bizə zərər verdi. Biz özümüzü olduğumuzdan güclü saymağa başladıq. Eqomuz artdı. Daha sonra reallığa baxmalı olduq. Amma həmin mövsüm də bizim üçün çox vacib dərs oldu və bu gün əldə etdiklərimizdə böyük rol oynadı.

– “Ferentsvaroş”la oyunlarda qol vurub məhsuldar ötürmə etmisiniz. “Benfika” ilə də oxşar ssenari gözləyirsinizmi?

- Bəli, demək olar hər gün (gülür). Daim beynimdə canlandırıram: mən qol vururam və biz qalib gəlirik. Bu fikir məni cəlb edir. Hətta şənbə günü komanda yoldaşım Kevin Medina ilə bu barədə danışdım. Mən hər dəfə ona deyirəm ki, əgər qol vuracağımı düşünürəmsə, bu, baş verir. İndi də elə bir hissim var.

– Siz əsasən sağ cinahda çıxış edirsiniz və yəqin ki, rəqib müdafiəçisi Dala qarşı oynayacaqsınız. Hansı silahınızı istifadə etməyi planlaşdırırsınız?

- Mənim əsas üstünlüyüm sürətimdir və bu, çox önəmli olacaq. Dalanın xüsusiyyətlərini yaxşı tanımıram, amma o, bizim hücumçumuz Musa Qurbanlı ilə İsveçdə bir yerdə oynamışdı. Bu isə mənim üçün artıq üstünlükdür (gülür).

– Sabahkı oyun sizin üçün Çempionlar Liqasının əsas mərhələsində ilk matç olacaq.

- Bu, xüsusi an, uşaqlıq arzularının gerçəkləşməsi deməkdir. Bunu yalnız az sayda futbolçu yaşaya bilir. Üstəlik, oyun “Da Luş”da keçiriləcək. Çox emosional olacaq. Necə reaksiya verəcəyimi bilmirəm. Atam üçün ideal ssenari “Benfika”nın 4:3 hesabı ilə qalib gəlməsi və mənim het-trik etməyim olardı (gülür). Üstəlik, püşkatma zamanı ondan soruşdum ki, kimə azarkeşlik edəcək. Cavab vermədi, çünki əla atadır (gülür). Əlbəttə, o, hər zaman oğlunun yanındadır.

Seçilən
3
operativmedia.az

1Mənbələr