AZ

İtaliya komandasının yeni pilotları Formula 2 Azərbaycan Qran-prisində debüt edəcək

Bakı, 15 sentyabr, AZƏRTAC

“Trident” komandası Formula 2 üzrə Azərbaycan Qran-prisində yeni pilotlarla mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, İtaliya təmsilçisinin avtomobillərini Martinius Stenşorn və Lorens van Höpen idarə edəcək.

Yeni sürücülər komandada müqaviləsi başa çatmış Maks Esterson və Sami Meqetunifi əvəz edəcəklər.

Hər iki sürücü mövsümü Formula 3-də keçirib. F3 mövsümü başa çatdığından, onlar F2-də debüt imkanı qazanıblar.

Norveçli Martinius Stenşorn Bakı mərhələsində “Trident”in heyətinə qatıldığı üçün qürur hissi keçirdiyini bildirib: “Bu, özümü göstərmək üçün maraqlı fürsətdir. Komanda ilə birlikdə bu unikal və mürəkkəb trasda yarışmağı səbirsizliklə gözləyirəm. Əlimdən gələni edəcəyəm və bu təcrübədən maksimum faydalanmağa çalışacağam”.

Niderlandlı Lorens van Höpen isə Bakı kimi trasda yarışmağın əla imkan olduğunu söyləyib: “Formula 2-də “Trident”də debüt etməyi səbirsizliklə gözləyirəm. Bu, daha yüksək kateqoriyada çıxış etmək və Bakı kimi trasda yarışmaq üçün əla imkandır. İnanıram ki, gələcəkdə inkişafım üçün çox dəyərli təcrübə olacaq”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

 

 

 

 

Seçilən
37
1
azertag.az

2Mənbələr