"Benfika"nın baş məşqçisi Bruno Laqe UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan təmsilçisi" Qarabağ"a qarşı keçiriləcək oyuna dəyişikliklərlə hazırlaşır. Bu oyun "qırmızı-ağlar" üçün turnirdə ilk matç olacaq və evdə – "da Luz" (Estodia da Luz) stadionunda baş tutacaq.
QOL.az xəbər verir ki, bu sözlər Portuqaliyanın "A Bola" nəşrinin sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" oyununa həsr etdiyi yazıdan götürülüb.
Yazıda qeyd edilir ki, "Santa Klara" ilə oyunda (Portuqaliya liqasının ötən həftə keçirilmiş 5-ci turunun matçında - red). işlər pis gedib (1-1) və azarkeşlər hər səviyyədə dəyişikliklər tələb edirlər:
"Bu isə təbii olaraq komandanın matça hazırlığında da öz təsirini göstərə bilər. Klub daxilində heç kim istəmir ki, ötən cümə "da Luz" stadionunda yaşananlar bu çərşənbə axşamı "Qarabağ"la matçda təkrarlansın.
Argentinalı mərkəz müdafiəçisi Otamendi, "Qarabağ"la oyunda "Benfika" müdafiəsinə rəhbərlik edəcək. Onun həm fiziki, həm də psixoloji cəhətdən oyuna tam hazır olması ilə bağlı heç bir şübhə yoxdur. "Santa Klara" ilə görüşdə etdiyi ciddi səhvdən sonra özü-özündən narazı qaldı, üzr istədi, azarkeşlərin dəstəyini hiss etdi və indi Çempionlar Liqasında start fitini səbirsizliklə gözləyir" - deyə yazıda vurğulanır.
Qeyd edilir ki, rəqibin 1 saat 10 nəfərlə oynadığı "Santa Klara" ilə oyunda alınan 1-1 hesablı heç-heçə nəticə qədər oyunun səviyyəsinə görə də cəzalandırıcı oldu. Bu səbəbdən "Benfika"nın dəyişməsi – və ya ən azından buna çalışması – zəruridir".
Həmçinin bildirilir ki, bazar günü komanda üçün istirahət günü idi: "Bu gün – bazar ertəsi isə Bruno Laqe Çempionlar Liqası matçı üçün yeni ideyalarını həyata keçirməyə başlayacaq. Bunlara struktur baxımından mühüm dəyişikliklər daxil olacaq. Daha çox hücum etmək, müdafiəni daha önə çəkmək və rəqibin oyun quruculuğunun ilk mərhələsində pressinq tətbiq etmək — azarkeşlərin vaz keçmədiyi və həmfikr olduğu əsas məsələlərdir.
Start heyətində də yeniliklər gözlənilir. "Santa Klara" ilə oyunun ikinci hissəsində meydana çıxan Sudakov bu dəfə Benfika forması ilə Avropada ilk dəfə start heyətində oynaya və Pavlidisə dəstək rolu oynaya bilər.
Mövsümün əvvəlində "Nitsa" ilə qarşılaşmalarda (2:0, 2:0) uğurla tətbiq olunan 4-4-2 sistemindən Bruno Laqe tərəfindən imtina oluna bilər. Pavlidis və İvanoviç "Santa Klara" ilə oyunda yanaşı oynasa da, bu sistem istənilən nəticəni vermədi. "Qarabağ"la oyunda Pavlidisin tək hücumçu kimi çıxış etməsi daha real variantdır.
Sudakov hələ ki, Benfikada çox az oynayıb, amma Ukrayna millisində vurduğu qolla gəlmişdi. Ölkəsində aldığı ağır xəbər – Kiyevdə anasının, həyat yoldaşının və qızının olduğu mənzilin Rusiya qüvvələri tərəfindən bombalanması performansına təsir etməmiş görünür.
"Benfika" onun üçün 27 milyon avro ödəyib və bu cür yaradıcı və fərqli ideyalar gətirəcək bir oyunçunun start heyətində yer alması üçün heç bir tərəddüd olmamalıdır. Daha ehtiyatlı yanaşmada isə Bruno Laqe orta sahədə Leandro Barreyrodan istifadə edə bilər, xüsusən də Aursnesin sağ müdafiəyə çəkilməsi variantı gündəmdədirsə".
Qeyd edilir ki, "Benfika"da müdafiənin sağ cinahı ilə bağlıç suallar var: "Santa Klara" ilə oyundan sonra Bruno Laqedən Tomas Araujonun sağ müdafiədə oynamağa davam edib-etməyəcəyi soruşulduqda o, “növbəti oyunda başqa bir strategiya, başqa bir seçim olacaq” deyə cavab verdi.
Tomas Araujo ötən mövsümün sonunda zədə aldı və klublararası dünya çempionatında iştirak etmədi, yeni mövsümə də zədə ilə başladı. Komandaya gec qoşuldu və start heyətindəki yerini Antonio Silvaya uduzdu. Dediçin zədələnməsi ilə şans qazansa da, sağ müdafiədə yenidən oynamaq asan olmadı. "Benfika"nın son illərdə yetişdirdiyi ən perspektivli müdafiəçilərdən biri olsa da, onun üçün vəziyyət asan deyil.
Lakin nə Bah, nə də Dediç oynaya biləcək. Bu səbəbdən Tomas hələ də real seçim olaraq qalır. Alternativlər Aursnes (bu halda orta sahə və hücumda dəyişikliklər gərəkəcək), təbii sağ müdafiəçi olan Leandro Santos və ya Samuel Dahl ola bilər. İsveçli Dahl əvvəllər də cinah dəyişmişdi, amma bu Obradorun sola çəkilməsini tələb edərdi. Ən sadə variant isə Tomas Araujo ilə davam etməkdir".