AZ

Azərbaycanda neft və qaz hasilatı: SOCAR-ın göstəriciləri və qazlaşdırma işləri

Finss.az - 2024-cü ildə Azərbaycanda neft hasilatı 29 milyon ton, qaz hasilatı isə 50,4 milyard kub metr təşkil edib. 2023-cü illə müqayisədə neft hasilatı 1,1 milyon ton azalsa da, qaz istehsalı 2,1 milyard kub metr artıb.

SOCAR-ın istismar etdiyi yataqlardan 7,486 milyon ton neft və 7,718 milyard kub metr qaz hasil olunub. Ən çox neft hasilatı “AÇG” yatağından (16,820 milyon ton), “Şah Dəniz”dən 4,168 milyon ton, “Abşeron”dan isə 572,2 min ton kondensat təmin olunub. Qaz istehsalında “AÇG” 13,409 milyard kub metr, “Şah Dəniz” 27,773 milyard kub metr, “Abşeron” isə 1,528 milyard kub metr paya sahib olub.

Neft hasilatının 97,3%-i keçici fond quyularından, 1,3%-i yeni quyulardan, 1,4%-i fəaliyyətsiz fonddan əldə edilib. Hasilat metodları arasında fontan 19,5%, qazlift 52,4%, dərinlik nasosu 28,1% təşkil edib. Yanvarın 1-nə istismarda olan quyu fondu 7 610 quyu, fəaliyyətdə olanlar isə 5 715 quyu olub.

2024-cü ildə qazma təşkilatları tərəfindən 70 970 m qazma işi aparılıb: dəniz sahələrində 20 740 m, quru sahələrində isə 50 230 m. Ümumilikdə 58 quyu tikilərək sifarişçiyə təhvil verilib.

Neftin istehsal maya dəyəri 1 ton üçün 160,51 manat, qazın maya dəyəri isə 1 000 m³ üçün 176,82 manat təşkil edib. Neftin maya dəyərinin artımı əsasən yanacaq, elektrik, əmək haqqı və amortizasiya xərclərinin yüksəlməsi ilə bağlıdır. Qazın maya dəyərinin artımı isə əsasən əmtəəlik qaz hasilatının azalması nəticəsində baş verib.

Bundan əlavə, ölkədə qazlaşdırma işləri davam etdirilib. Cəbrayılın Xudafərin qəsəbəsində 25,9 km yeraltı daşıyıcı qaz kəməri çəkilib (icra 91%). Kəlbəcər və Ağdərə rayonlarında daxili və daşıyıcı qaz xətləri tamamlanıb. Xankəndi şəhərində 53,5 km şəhərdaxili qaz kəməri kipliyə sınaqdan keçirilib və 1 159 mənzilə təbii qaz verilməsi təmin olunub. Xocalıda isə kəndlərdə qaz xətləri təmir olunub və 49 abonent qazla təmin edilib.

Fuad Mədətov
Finss.az

Seçilən
19
fins.az

1Mənbələr