Azərbaycan Respublikasının Təhsil İnstitutunun açıqlamasına görə, riyaziyyat sahəsində oğlanlar, oxuyub-anlama bacarığında isə qızlar daha öndədir.
Qeyd olunur ki, bu tendensiya uzun illərdir müşahidə olunur. Araşdırmalar da göstərir ki, oğlanlar əsasən riyazi sahələrdə, qızlar isə humanitar istiqamətlərdə daha çox bacarıq nümayiş etdirirlər.
Maraqlı məqam isə odur ki, bu üstünlüyün elmi əsası varmı?
AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri fəlsəfə doktoru İlqar Orucov danışıb.
Müsahibimiz qeyd edib ki, Azərbaycan reallığında oğlanlara daha çox özgüvən aşılanır və bu da onların riyaziyyat kimi çətin sahələrdə daha çox uğur qazanmasına şərait yaradır:
"Bu fərqlər yalnız Azərbaycan reallığında deyil, beynəlxalq müstəvidə də müşahidə olunur. Onlar təkcə bioloji amillərlə deyil, psixoloji və sosial faktorlarla, eyni zamanda cəmiyyətin formalaşdırdığı stereotiplərlə bağlıdır. Bioloji baxımdan qızlar adətən daha tez danışmağa başlayır və humanitar sahələrdə özlərini ifadə etməkdə üstünlük qazanırlar. Riyaziyyat və məntiqi təfəkkür isə çox zaman oğlanlarda daha çox inkişaf edir ki, bu da həm bioloji xüsusiyyətlərdən, həm də cəmiyyətdə mövcud stereotiplərdən qaynaqlanır. Azərbaycan reallığında oğlanlara daha çox özgüvən aşılanır, bu isə onların riyaziyyat kimi çətin sahələrdə irəliləməsinə imkan yaradır”.
Cəmiyyətdə hələ də bəzi stereotiplər mövcuddur. “Qızsan, bunu bacarmazsan” kimi ifadələr, ailələrin oğlanlara daha çox etimad göstərməsi onların risk etmə bacarığını artırır:
"Nəticədə texniki və fundamental sahələrdə daha çox oğlanların önə çıxdığı müşahidə olunur. Təcrübələr də bunu təsdiqləyir: məsələn, Nobel mükafatçıları arasında kişilərin üstünlük təşkil etməsi təsadüfi deyil. Lakin bu fərqlər yalnız bioloji səbəblərlə izah olunmur, cəmiyyətin uzun illər ərzində formalaşdırdığı yanaşmalar da mühüm rol oynayır.
Qızların beyni daha erkən inkişaf edir, bu fakt tibbi araşdırmalarla da təsdiqlənir. Onlar daha tez danışır, daha sosial yönümlü olurlar. Lakin bununla yanaşı, təhsil müəssisələrinin yanaşması da böyük əhəmiyyət kəsb edir. Doğru metodologiya tətbiq olunduqda qızlar da riyaziyyatda yüksək nəticələr göstərə bilirlər və artıq kifayət qədər nümunələr mövcuddur.
Oğlanlar isə bioloji baxımdan güclü, risk etməyə və özünü təsdiqləməyə daha çox meyilli olurlar. Beynəlxalq araşdırmalar və müşahidələr göstərir ki, düzgün pedaqoji mühit yaradıldıqda qızlar da texniki və riyazi sahələrdə uğurla irəliləyə bilirlər.
Zamanla ölkəmizdə formalaşmış milli stereotiplər də bu fərqlərin dərinləşməsinə təsir edir. Bioloji faktorların müəyyən rolu olsa da, fərqlərin əsasını sosial, psixoloji və pedaqoji amillər təşkil edir”.