AZ

Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”

Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Fazil Mustafa Naxçıvan taksilərinə Türkiyənin Iğdır vilayətinə sərnişin daşımasının qadağan edilməsi, onlarla Naxçıvan taksisinin Türkiyədə həbsdə olması barədə məlumatlara münasibət bildirib.

 

Deputat Pravda.az-a açıqlamasında deyib ki, belə bir hal varsa, konkret olaraq hansı tərəfdən edildiyi araşdırılmalıdır.

 

“Səbəbsiz bu qadağanı qoymaq mümkün görünmür. Bilavasitə müvafiq qurumlarımız Türkiyənin müvafiq qurumları ilə əlaqə saxlamalı, məsələnin həlli istiqamətində addımlar atmalıdırlar”, - F.Mustafa bildirib.

 

Qeyd: Naxçıvan taksilərinə Türkiyənin Iğdır vilayətinə sərnişin daşımasının qadağan edilməsi barədə məlumatı “Gündəlik Naxçıvan” yayıb. Bildirilir ki, qadağanı Türkiyə tərəfi bir neçə həftədir tətbiq etməyə başlayıb. Yeni qaydanı pozan sürücülər cərimələnir, avtomobillərinə isə 15 günlük həbs cəzası verilir. Bu haqda danışan taksi sürücüləri bildirirlər ki, jandarma onları gömrüyü keçdikdən sonrakı 20 kilometrlik nəzarət zonasında yoxlayır. Jandarma avtomobillərin taksi olub-olmadığını yoxlamaq üçün sürücülərdən sərnişinlərin ad-soyad və təvəllüdlərini soruşur. İmtahandan keçə bilməyən sürücülər cərimələnir, avtomobillər isə, cərimə meydançasına göndərilir.  Sürücülərin sözlərinə görə, hazırda 10-larla Naxçıvan taksisi Türkiyədə həbsdədir.

 

Aytəkin Qardaşova

Tarix: 15 Sentyabr 2025, 14:32   
Seçilən
44
pravda.az

1Mənbələr