AZ

Zəhərə dönən səfər, 1:1 ilə açılan yeni səhər… - gecikmiş yol qeydləri

Bu yazının yubanmasının bir neçə səbəbi var.

Təbii ki, əsas səbəb nəticədi: o acınacaqlı məğlubiyyətdən, 0:5-dən sonra yazmağın nəyəsə xeyrinin dəyib-dəyməyəcəyi haqda düşünməyə məcbursan. İkinci səbəb artıq yığmanın sabiq baş məşqçisi Fernando Santuşa və futbolçulara vaxt vermək niyyəti idi, bəlkə Reykyavikdə qəzavü-qədər baş verib, bəlkə evdə Ukraynanı parlaq oyunla məğlub edəcəyik, bəlkə bir neçə gün də gözləməkdə fayda var. Tərəddüd dənizində sağa-sola çox vurnuxsam da, sonda belə qərara gəldim ki, İslandiyaya – bu maraqlı və okeanlarla əhatə olunan ada-dövlətə səyahətin təəssüratını bölüşüm.

Zəngin, amma dəyərlər baxımından kasıb ölkə
Bəribaşdan razılaşaq ki, İslandiyaya turist kimi gedənin cibi dolu olmalıdı, axı orta aylıq əməkhaqqının 6 min avroya çatdığı ölkədə gəzmək-dolaşmaq, yemək-içmək çox bahadı. Dükanlarda və ticarət mərkəzlərində əsasən yerli məhsullar satılır, məsələn, ən ucuz (amma keyfiyyətli, yundan toxunan) kişi və qadın koftasının qiyməti bizim pulla 250 manatdan başlayır, papaq-əlcək 25-30 manata, bir qutu siqaret 25 manata satılır. Ölkənin ordusu yoxdu, sahillərində hərbi gəmilər dayanır, orda tarixə böyük hörmət var. Atlantik okeanı sahillərində gəzərkən Reykyavikin 100 il əvvəlki və indiki halının şəkillərini gördüm, heç nə dəyişməyib, sadəcə, kosmetik yeniləmə aparıblar. Paytaxtda çox orijinal, bağlı-baxçalı, hətta damında ot örtüyü olan evlər var idi. Turizm çox inkişaf edib. Biz, yəni azərbaycanlı jurnalistlər paytaxtdan təxminən 1 saatlıq məsafədə yerləşən şəlaləyə və qeyzerlərə də baş çəkdik. Minlərlə adam əlində telefon qeyzerin partlayacağı anı gözləyir, 8-10 dəqiqədən bir baş verən hadisə zamanı su 30 metrə qədər fəvvarə vurur. İslandiya özünəməxsus flora və faunaya malikdi. Atları, qoyunları qəribə idi. Reykyavikin özündə də görməli, baş çəkməli yerlər var. Məsələn, Şərqi və Qərbi Almaniyanı bir-birindən ayıran Berlin divarının 4 tonluq parçasının yanında durub şəkil çəkdirəndə istər-istəməz vətənimi xatırladım. Elə həmin divarın arxasında daha bir tarixi obyekt var. Mixail Qorbaçovla Ronald Reyqanın görüşdüyü, tarixə “soyuq müharibə”yə son qoyan yer kimi düşən Hofdi evini deyirəm. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı” məsəlini xatırladıb, başqa bir məqama keçmək istəyirəm.

Bilirsizmi, yaxşı, zəngin, firavan yaşamaq hər kəsin arzusudu. Ancaq mənə elə gəlir ki, insanı həyata bağlayan başqa dəyərlər və idelogiyalar da olmalıdı. Avropanın bir neçə ölkəsinə yolum düşüb, yalnız İslandiyada LGBT təbliğatının bu qədər geniş miqyas aldığını, eyni cinsdən olan oğlanların və qızların hamının gözü önündə dodaq-dodağa öpüşdüyünü gördüm. Mənə belə gəlir ki, mənəvi dəyərləri itirən, eynicinsli nigahlara biganə olan cəmiyyətdə böyüyən, yaşayn fərd sabah əlinə silah götürə, döyüşə bilməz. Vladimir Putin bu durumdan yaxşı xəbərdardı, ona görə də avropalıları sıxır, təzyiq altında saxlayır, işğalla hədələyir, hətta bir NATO ölkəsinə dron uçuracaq dərəcədə azğınlaşır. Azərbaycanın heç vaxt belə aqibətlə üzləşməməsi, yəni dəyərləri itirməməsi arzusu ilə futbola dönürəm.

Fernando Santuş və başqaları
Yığmanın portuqaliyalı baş məşqçisi haqda artıq keçmiş zamanda danışmağa məcburam. Bildiyiniz kimi, komanda şənbə günü vətənə döndü, həftəsonu Santuşla kompensasiya ilə bağlı danışıqlara sərf olundu və bazar ertəsi Ayxan Abbasov “sükan arxasına” keçdi. Sabiq çalışdırıcısı olsa da, portuqaliyalının xarakterinin bəzi cizgilərini açmağa dəyər. Qaradinməz, adamayovuşmaz, bəzi hallarda hətta laqeyd birisi... Şəxsən mən onun təyyarədə futbolçulardan müsahibə götürməklə bağlı qadağasını anlayıram, amma 7,5 saat sürən uçuş boyunca bir dəfə də salonun arxa hissəsinə baş çəkmədi, kimsənin halı ilə maraqlanmırdı. Deyəsən, bu işi köməkçilərinə tapşırmışdı, onları arabir görürdüm. Köməkçilərdən söz düşmüşkən, Santuş oyundan sonra – artıq hava limanında olarkən bir kənara çəkib məhz onlarla dərdləşirdi, azərbaycanlı köməkçisi isə yerli futbolçularla bir arada kimin oyunun ən yaxşısı olmasıyla bağlı danışırdı. Bunun nə dərəcədə etik olduğunu siz deyin.

Oyunsonrası mətbuat konfransı, orda verilən suallar sosilal şəbəkələr hesabına Azərbaycanda da çox məşhurlaşdı. Kimi görürsən, o hadisədən danışır, hətta jurnalistləri AFFA rəhbərliyinin istəyinə uyğun suallar verməkdə qınayanlar da var. Baş katib Cahangir Fərəcullayevin oyunsonrası emosional durumunun jurnalistlərə təsir göstərməsi mümkündü, amma bizə bu yöndə hansısa tövsiyə-məsləhət olmadı. Hətta Santuşa ünvanladığım sualı da xatırlada bilərəm: həm bu oyun üçün start heyətini səhv seçməklə, həm də yığmanın biabırçı oyun göstərdiyi ilk yarıdan dərhal sonra oyunun axarına müdaxilə etməməklə darmadağına səbəbkar olduğunuzu etiraf edirsizmi? Santuşun o konfransdakı ruh halı haqda... Portuqaliyalı Avropa çempionuna yazığım gəldi. Mən bu gün də onu səviyyəsiz mütəxəssis saymıram. Səviyyəsiz biri “Portu” və AEK-ə, Portuqaliya yığmasına titullar qazandıra, Yunanıstanda onilliyin məşqçisi sayıla, Yunanıstan yığmasını Avropa və dünya çempionatlarına apara, pley-offa çıxara bilməz! Görünür, portuqaliyalı mütəxəssis öz imkanları ilə azərbaycanlı futbolçuların potensialı arasında uyğunluq tapa bilmədi, əslində bunu çox tez anlamışdı, sadəcə, yalnız və yalnız kompensasiya almaq naminə istefanı uzatdı və axırda da belə urvatsız şəkildə yola salındı.

Bir daha vurğulayıram: Santuşun İslandiya ilə oyun üçün seçdiyi müdafiəyəmeyilli start heyəti və taktika səhv idi, yığma ondan daha yaxşı oynaya bilərdi. Ancaq bütün itləri portuqaliyalının üzərinə buraxmaq, yığma üzvlərinin aydan arı, sudan duru olduğunu demək də insafsızlığın zirvəsidi. Heç bir taktiki sxem Quran ayəsi deyil. Tutaq ki, Emin Mahmudov və ya Mahir Emreli cızılan taktiki sxemdən kənara çıxsaydı, hansısa uğurlu driblinq etsəydi, qapıya möhtəşəm zərbə vursaydı, Santuş əlini onların qabağına verəcəkdi? Ya da başqa bir sual: oyunöncəsi toplantı nə üçündü, məgər taktiki sxem, oyun üslubu ilə bağlı orda və ya fərdi görüşlərdə baş məşqçiyə fikir bildirmək belə çətindi? Nəhayət, yığmanın kapitanı da var, məhz o, futbolçularla baş məşqçi arasında körpü olmalı, qarşılıqlı fikir mübadiləsinə yol açmalıdı. Azərbaycan yığmasının da kapitanı var – Emin Mahmudov, təəssüf ki, arzuladığımız qədər xarizmatik fiqur deyil, hətta mən ona kollektiv arasında yorğun demokrat – Ahmet Kaya deyirəm, nəticə çıxarmalı, ümumi işə töhfə verməlidi.

Bəs sonra?
Hiss edirəm ki, Ukrayna ilə oyundan sonra az qala ümummilli ekstaz hökm sürür, böyük əksəriyyət vurğunu bu 1 xalı yerli mütəxəssislə qazanmağımızın üzərinə salır. Mən də razı, yığmanı bundan sonra əcnəbiyə tapşırmayaq, öz kadrlarımıza güvənək, futbol potensialımızın necə olduğunu bir daha yoxlayaq. Amma arabir güzgüyə də baxmalıyıq: doğrudanmı, biz bu 1 xalı yaxşı oyunla qazandıq, yəni bizim yığmanın özünəməxsus oyun üslubu, dəst-xətti, təkbətək mübarizələrdə, heç olmasa, bir rəqibi arxada qoya bilən futbolçumuz varmı?

Dövrləri, nəsilləri müqayisə etmək bəlkə də yerinə düşmür. Ancaq mən jurnalist olmaqla yanaşı, həm də çoxdanın – səksənin-doxsanın futbol azarkeşiyəm. “Neftçi”nin (faktiki indiki Azərbaycan yığmasının!) SSRİ çempionatının güclülər dəstəsində keçirdiyi oyunları yaxşı xatırlayıram. Bəli, komanda autsayderlər qrupundan uzaqlaşa, yüksək yerlər uğrunda mübarizə apara bilmirdi. Amma bəlli bir oyun üslubu var idi, ən azı evdə istisnasız qələbə, bu mümkün olmayanda isə heç-heçə üçün oynayırdı. İndi bütün bunlar yoxdu, xeyli dərəcədə legionerlərdən asılı olan, Avropada ad çıxaran, məşhurlaşan, ölkəmizin imicinə bəzək vuran “Qarabağ” var. Məncə, futbol potensialımızı bir daha, özü də doğru-dürüst qiymətləndirməli, bunun əsasında da yola çıxmalıyıq. Allah bizə növbəti Reykyavik faciəsini yaşatmasın. Mən bu sözləri yazanda Fransa ilə səfər oyununa 27 gün qalır. Çox ümid edirəm ki, Ayxan Abbasov, Rəşad Sadıqov və ya başqa bir yerli mütəxəssis Parisdən azərbaycanlı azarkeşləri “sındırmayan” bir nəticə ilə dönər...

MAHİR RÜSTƏMLİ, Bakı – Reykyavik - Bakı
Jurnalistlərin İslandiya səfəri Misli və AFFA-nın dəstəyi ilə həyata keçirilib.

Seçilən
13
1
football-plus.az

2Mənbələr