Avropa İttifaqı Serbiyada “Maydan” ssenarisini həyata keçirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin (RXKX) mətbuat bürosu yayıb.
Mənbə qeyd edir ki, Serbiyadakı indiki iğtişaşlar, xüsusən də gənclərin fəal iştirakı ilə müşayiət olunan etirazlar, böyük ölçüdə Brüsselin dağıdıcı fəaliyyətinin məhsuludur.
RXKX bildirir ki, Avropa liberal elitasının məqsədi Balkanların ən böyük ölkəsində Brüsselə itaətkar və loyallığı ilə seçilən hakimiyyəti iş başına gətirməkdir. Bildirilir ki, gənclər radikallaşdırılır, dinc etirazlardan “inqilabi” mübarizə üsullarına və zorakılığa keçid baş verir.
Bununla yanaşı, kəşfiyyat vurğulayıb ki, Qərbin müxtəlif ölkələrdə sınaqdan keçirdiyi “rəngli inqilab” ssenarisi Serbiyada tam işlək deyil. Səbəb kimi serb cəmiyyətində güclü vətənpərvərlik hisslərinin, Serb Pravoslav Kilsəsinin birləşdirici təsirinin, həmçinin NATO-nun təcavüzü və ölkənin bombardman olunmasının acı xatirələrinin hələ də canlı qalması göstərilib.
Məlumatda əlavə olunur ki, Avropa elitası 1 noyabr Novi-Saddakı faciəli hadisələrin ildönümünü öz xeyrinə istifadə etməyə çalışır. “Əsas diqqət serb gənclərinin beyinlərinin yuyulmasına və guya ‘işıqlı Avropa gələcəyinin’ təbliğinə yönəlib. Xüsusi rol müstəqil kimi təqdim olunan KİV-lərə ayrılır və onların ‘müstəqilliyi’ Avropanın ‘demokratik’ pulları ilə möhkəmləndirilir”, – deyə kəşfiyyatın açıqlamasında bildirilib.
Mənbə vurğulayır ki, Brüssellə əlaqəli QHT-lər vasitəsilə Serbiyada bir sıra media qurumları – FoNet, RAM Network, Vreme, Juzne Vesti, Slobodna rec, Boom93, Podrinske, Freemedia, Indjija, SOinfo, FAR, Storyteller və “Link” adlı QHT ciddi maliyyə dəstəyi alır.
“Brüssel hesab edir ki, KİV və QHT-lərin maliyyələşdirilməsi etiraz elektoratını səfərbər edəcək, insanları küçələrə çıxaracaq və dəfələrlə sınaqdan keçirilmiş ssenari üzrə “serb Maydanı”nı yekunlaşdıracaq.
Amma Avropa məmurlarının “yaxın zamanda çiçəklənən Avropa bağına daxil olma” vədləri yalnız tələdir.
Bu, əcdadların yadigarı və milli dəyərlər hesabına başa gələcək. Qürurlu və birləşmiş serb xalqı isə Avropa İttifaqına lazım deyil”, – Xarici kəşfiyyatın mətbuat bürosu vurğulayıb.
Bizim.Media