1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ötən il 670 məhkum bir sıra tibbi xidmətlərdən istifadə edə bilməyib. Bu siyahıya müxtəlif radiologiya xidmətləri (KT, MRT, PET, Doppler ultrasəs müayinəsi), orta və ağır cərrahi müdaxilələr (ümumi cərrahiyyə, travmatologiya, ginekologiya), orta və ağır terapevtik müayinə və müalicələr (nefrologiya, revmatologiya, nevrologiya) daxildir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət şöbəsinin rəhbəri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
A.Vəliyev qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən qarşılanması mümkün olmadığından məhkumların tibbi xidmətlərlə bağlı hüquqlarının təmin edilməsinin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsi zərurəti yarandığını bildirib:
"Bu məqsədlə "Tibbi sığorta haqqında" qanunun 15-2.3-cü maddəsindən qeyd olunan subyekt dairəsinin çıxarılması və 15-2.1-ci maddəyə müvafiq düzəlişlərin edilməsi təklif olunur. Eyni zamanda, sözügedən şəxslərə tibbi xidmətin göstərilməsi xüsusi xarakter daşıdığından, qanuna 15-17.2.3-3-cü maddə əlavə olunaraq Xidmətlər Zərfində tibbi xidmətlərin tətbiqi şərtləri müəyyən edilir. Bu normanın tətbiqi şərtləri də o anlama gəlir ki, qeyd olunan dəyişikliyin qüvvəyə minməsi halında maliyyələşmənin icbari tibbi sığorta vəsaiti hesabına həyata keçiriləcəyi büdcə ili ərzində tibbi xidmət göstərilən şəxslərin sayı 1 500 nəfəri aşmamalıdır".
Şöbə müdiri əlavə edib ki, dövlət büdcəsi tərəfindən 2025-ci il üçün ödənilən adambaşı sığorta haqqı - 124 manat əsas götürülməklə icbari tibbi sığorta fondunun vəsaiti hesabına həyata keçirilən sığorta ödənişlərinin ümumi məbləğinin 200 min manat olması proqnozlaşdırılır.
Məhərrəm Əliyev