AZ

Elektron reseptin tətbiqi niyə gecikir? – RƏSMİ AÇIQLAMA

Artıq neçə müddətdir ki, ölkəmizdə elektron reseptə keçid başlayıb. "Reseptim.az" mobil tətbiqi vətəndaşların və tibb işçilərinin rahatlığının təminatı üçündür. Amma sosial şəbəkələrdə yayılan məlumata görə, layihənin sürətli icrası üçün müəyyən problemlər var. Onlardan biri də hələ də bütün həkimlərin kompüterlə təmin olunmamasıdır.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən tibb eksperti Aydın Əliyev problemin əsas səbəblərindən söz açıb:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda xəstələrə bu dərmanlar PULSUZ verilir – SİYAHI


“Səhiyyə Nazirliyindən açıqlama olmuşdu ki, yaşlı həkimlərin çoxu kompüterlə işləməyi bacarmır. Eyni zamanda qeyd edilmişdi ki, hələ dövlət tibb müəssisələrində çalışan həkimlərin heç də hamısı kompüterlə təmin olunmayıb. Ona görə də elektron reseptə tam keçid mümkün deyil. Bu səbəbdən də kağız reseptlərdən istifadə olunur.

Hazırda proses paralel gedir. Kompüterləşmə başa çatandan sonra kağız reseptlərdən imtina ediləcək. Məndə olan məlumata görə, kompüterləşmə zəif sürətlə də olsa, gedir. Həkimlər üçün də təlimlər təşkil edilir ki, kompüterlə işləmək vərdişləri olsun”.

Bəs dövlət tibb müəssisələrində həkimlərin kompüterlə təmin olunması məsələsi nə yerdədir?

Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, ölkə rəhbərliyinin prioritet strateji islahatlar istiqamətlərindən biri də sosial-iqtisadi sahələrin, o cümlədən səhiyyənin rəqəmsallaşdırımasının geniş şəkildə tətbiq edilməsidir:

“Bu islahatların çərçivəsində  Səhiyyə Nazirliyi ölkəmizdə səhiyyə sisteminin rəqəmsallaşdırılması prosesini fəal şəkildə dəstəkləyir və bu istiqamətdə mühüm addımlar atır. Elektron resept sisteminin tətbiqi məhz nazirliyin təşəbbüsü ilə həyata keçirilir. Bu, ölkə rəhbərliyinin rəqəmsallaşma tapşırığının birbaşa nəticəsidir və səhiyyə xidmətlərinin keyfiyyətini yüksəltməyə yönəlib.

Sistem, ölkənin rəqəmsallaşma strategiyasının vacib bir elementi olaraq, tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edir. "Reseptim.az" mobil tətbiqi vətəndaşların və tibb işçilərinin rahatlığını təmin edir. Bu sistem dövlət və özəl tibb müəssisələrində reseptlərin elektron qeydiyyatını, təminatını və nəzarətini mümkün edir.

Sistem nazirliyin tabeliyində olan elmi-tədqiqat institutlarında uğurla tətbiq olunub. Digər səhiyyə qurumları və tibb müəssisələrinə də “Elektron Resept Sistemi”ndən istifadəyə dair tövsiyələr verilib və müvafiq sirkulyar məktublar göndərilib”.

Nazirlikdə o da bildirilib ki, dövlət tibb müəssisələrinin idarə olunması və onların texniki təminatı, o cümlədən həkimlərin kompüterlə təchiz edilməsi məsələsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətlərinə daxildir:

“TƏBİB publik hüquqi şəxs kimi dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarəetməsini həyata keçirir və bu müəssisələrin infrastrukturunun, o cümlədən büdcə ayırmaları vasitəsilə texniki təchizatının təmin edilməsinə cavabdehdir.  Səhiyyə Nazirliyi rəqəmsallaşmanın ölkə səviyyəsində genişlənməsini prioritet hesab edir və bu istiqamətdə bütün qurumlarla birgə işlər aparır”.

TƏBİB-dənsə Bizim.Media-nın sorğusuna belə cavab verilib:

“Son illərdə ölkədə rəqəmsal səhiyyənin inkişafı istiqamətində mühüm addımlar atılmış, vətəndaşların tibbi xidmətlərə daha səmərəli və şəffaf şəkildə çıxışını təmin etmək məqsədilə elektronlaşma mərhələli şəkildə ölkə üzrə dövlət tibb müəssisələrində tətbiq edilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tabeliyindəki tibb müəssisələrinin texniki təminatı məsələsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu məqsədlə 11 mindən çox kompüter müxtəlif tibb müəssisələrinə paylanıb və istifadə üçün hazır vəziyyətə gətirilib. Bu, həkimlərə həm elektron resept sisteminin, həm də digər rəqəmsal səhiyyə həllərinin tətbiqinə imkan yaradır.


Ölkədə elektron resept sisteminin tətbiqi çərçivəsində həkimlərin bu sistemə inteqrasiyasını təmin etmək məqsədilə son illərdə səhiyyə müəssisələrinə genişmiqyaslı texniki dəstək göstərilib və həkimlərə təlimlərə cəlb edilib. Elektron resept sisteminin tətbiqi mərhələli şəkildə aparılır və bu proses çərçivəsində texniki təminat, istifadəçi təlimatları və dəstək mexanizmləri paralel şəkildə gücləndirilir. Məqsəd vətəndaşların daha keyfiyyətli, təhlükəsiz və şəffaf tibbi xidmətlə təmin olunmasıdır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
27
1
bizim.media

2Mənbələr