Həbsdə olan şəxslərin tibbi xərcləri icbari tibbi sığorta hesabına qarşılanacaq.
Gundem.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) sığortaolunan hesab ediləcək.
Qanuna əlavə edilən yeni 15-2.4-cü maddəyə əsasən, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi bu Qanunun 15-17.2.3-3-cü maddəsi nəzərə alınmaqla həyata keçiriləcək.
Xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə tətbiqi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. /“Qafqazinfo”