Son dövrlərdə Rusiya-Ukrayna müharibəsinin yaratdığı gərginlik fonunda Rusiyaya məxsus dronların NATO ölkələrinin hava sərhədlərinə daxil olması yeni müzakirə mövzusuna çevrilib. Bu cür hadisələr ilk baxışda təsadüfi və ya texniki səhv təsiri bağışlasa da, əslində regiondakı güc balansı və siyasi maraqlar fonunda ciddi geosiyasi mesaj daşıya bilər. NATO və Rusiya münasibətləri onsuz da həssas bir mərhələdədir və hər hansı sərhəd pozuntusu genişmiqyaslı qarşıdurma riskini artırır. Belə şəraitdə müxtəlif aktorların maraqları üst-üstə düşərək vəziyyəti daha da mürəkkəbləşdirir.
Mövzu ilə bağlı siyasi analitik Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiyanın NATO ölkələrinə qarşı reallaşdırdığı iddia edilən dron hücumlarının xarakteri ilk baxışda dronların mənsubiyyətinə görə təxribat kimi dəyərləndirilsə də, məsələnin mahiyyəti hələ də spekulyasiya mövzusudur:
“Burada müxtəlif amillər nəzərə alınmalıdır. Çoxlu maraqlı tərəflər mövcuddur ki, NATO ilə Rusiya arasında qarşıdurma yaransın. Lakin Rusiyanın işğalçı mahiyyətini nəzərə aldıqda demək olar ki, bu dronların Polşa və Rumıniya ərazilərinə daxil olması böyük ehtimalla kəşfiyyat məqsədi daşıyır. Təbii olaraq, bu hadisəni hansı səbəbdən baş verməsindən asılı olmayaraq, NATO-Rusiya müharibəsinə zəmin kimi dəyərləndirmək mümkündür. Bunun isə birbaşa Üçüncü dünya müharibəsinə səbəb olacağını söyləmək hələlik yersizdir.
Əgər bu təxribatlar məqsədli şəkildə hər hansı tərəf tərəfindən həyata keçirilirsə, deməli, məqsəd tammiqyaslı müharibə olmasa da, Avropa-Rusiya qarşıdurmasını alovlandırmaqdır. Avropanın belə bir müharibə istəməsi çətin görünür, çünki Avropa buna hazır deyil. Ukrayna isə bu vəziyyətdə maraqlı ola bilər. Çünki hadisələr genişlənməsə belə, Avropadan Ukraynaya dəstəyin artmasına səbəb ola bilər”.
A.Qasımovun sözlərinə görə, Rusiya yalnız bir halda maraqlı ola bilər:
“Ukrayna müharibəsi çıxılmaz hal aldığından NATO ilə məhdud toqquşmadan sonra Kiyevi oyundankənar vəziyyətdə saxlayaraq NATO ilə birbaşa razılaşma əldə etmək. Onsuz da Putin Zelenskinin legitimliyini tanımır. Belə bir razılaşmanın, xüsusilə Trampın vasitəçiliyi ilə imzalanması isə Moskvanın qələbəsi kimi təqdim edilə bilər. Bu halda Tramp müharibəni dayandıran sülhpərvər lider obrazı ilə ön plana çıxar, Avropa isə ABŞ-dan daha çox asılı vəziyyətə düşər.
Göründüyü kimi, bu müharibədə maraqlar naminə oyun oynayan tərəflər çoxdur. Bu səbəbdən də hazırkı gərginliyin qlobal müharibəyə çevrilməsi ehtimalı azdır. Lakin qısa müddətli qarşıdurma və ya hesablaşma gözlənilə bilər”.
//Gülnarə Abasova, Editor.az