AZ

Perinetal Mərkəzin sabiq direktoru məhkəmə dövründə ölkəni 2 dəfə tərk edib

Perinetal Mərkəzin sabiq direktoru məhkəmə dövründə ölkəni 2 dəfə tərk edib

"Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

AFN.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Mərkəzdə xadimə işləyən Yeganə Əhmədova bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: "Mən 6-7 ay idi mərkəzdə çalışdım. Hadisə vaxtı növbədə idim. Yanğın baş verdiyini dedilər. Otağa gəldik. Küvezdən alov qalxdığını gördük. Sonra yanğını söndürməyə çalışdıq. Yanğın söndürülməsi ilə bağlı bizə təlim keçirilib”.

Daha sonra mərkəzdə elektrik vəzifəsində çalışmış Asif Dadaşov ifadə verib. Şahid bildirib ki, mərkəzdə qısaqapanma hadisələri əvvəl də olub: "Mərkəzdə adi lampa partlayanda belə qısaqapanma sayılır. Bu zaman avtomat atır. Uzadıcılar qızanda da qısaqapanma baş verə bilər. Hadisə zamanı da qısaqapanma olub. Hadisənin səhəri işə gələndə gördüm ki, avtomat atıb. Mərkəzdə ümumi 18-20 avtomat olub".

Daha sonra şahid Ruhiyyə Qocayeva ifadə verib.

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev məhkəmədən təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində "polis nəzarəti altına vermə” qətimkan tədbiri olsa da, o, məhkəmə dövründə iki dəfə ölkə xaricində olub və bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.

Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəkilinin xarici ölkəyə çıxışında məhdudiyyət yoxdur: "Kredit borcu gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə bir qadağa olsaydı, onun çıxışı mümkün olmazdı”.

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib. O, ölkəni tərk etmək üçün aidiyyəti qurumlara məlumat vermək lazım olduğunu bilmədiyini deyib.

Proses 29 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və şöbə müdirlərinin nöqsanları aradan qaldırmadıqları müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 və 225.3-cü maddələri, şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova tanınıb.

Seçilən
1
35
afn.az

10Mənbələr