Sentyabrın 15-də Qusar rayonunun Cibir kəndində 264 şagird yerlik yeni tikilən məktəb binası istifadəyə verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər badamov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, məktəb kollektivi, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Cibir kənd tam orta məktəbinin inşasına 2024-cü ilin avqust ayında başlanılmışdı. Üç mərtəbəli yeni məktəb binasında 13 sinif otağı, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, laboratoriyalar, 84 yerlik akt və idman zalı, yeməkxana, həmçinin açıq idman meydançası fəaliyyət göstərəcək.
Tədbirdə çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsi kimi məsələlərdən danışıblar. Bildirilib ki, hazırda şimal bölgəsində Qusarın Kuzunqışlaq kəndində 220 şagird yerlik, Quba rayonunun Hacıhüseynli kəndində 528, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik məktəb binalarının tikintisi davam edir. Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. 5 modul tipli yeni məktəb istifadəyə verilib, 7 məktəb binası isə sökülərək yenidən tikilib.
Mərasimdə bildirilib ki, ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, inşası və yenidən qurulması, onların zəruri avadanlıqla təchizatı gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almalarına şərait yaradır. Məktəb infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.