AZ

Yollarımıza düşən inam işığı

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” layihəsi uğurla davam edir. İctimai Birliyin Zəngilan və Laçın rayonlarından sonra növbəti tədbiri Abşeron rayonunda keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən görüşdə bu rayonda məskunlaşmış Qərbi azərbaycanlı ziyalılar, gənclər, Masazır, Qobu, Saray, Ceyranbatan, Mehdiabad ictimaiyyətinin nümayəndələri və rayon könüllülərindən ibarət yeniyetmələr iştirak ediblər.

Əvvəlcə Ulu Öndərin, şəhidlərin və repressiya, soyqırımı, deportasiya qurbanlarının xatirəsi ehtiramla yad edilib. Layihənin məqsəd və məramı barədə məlumat verən “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Abşeron rayon rəhbərliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, layihənin məqsədi Azərbaycan tarixindən ayrı salınmış Qərbi azərbaycanlı repressiya, soyqırımı və deportasiya qurbanlarını tədqiq etmək, gənc nəsli ata yurduna qayıtmağa təşviq etməkdir.

Rayon icra hakimiyyətinin başçısının müavini Gülnar Rəhimova belə mühüm görüşün Abşeron rayonunda keçirilməsinə və dövlətimizin siyasətinə verdikləri dəstəyə görə layihə rəhbərinə təşəkkür edib. Bildirib ki, Abşeron rayonunda 800 mindən artıq insan məskunlaşıb. Onların 40 mindən çoxu Qərbi Azərbaycandan - öz tarixi torpaqlarından qovulanlardır: “Təbii ki, regionumuz inkişaf etdikcə, əhalinin sayı artdıqca problemlər də çoxalır. Deportasiyanın, müharibələrin insanlarımıza vurduğu yaraları mümkün qədər sarımağa, onlara dəstək olmağa çalışırıq. Rayonumuzun 16 inzibati ərazisi I Qarabağ müharibəsində 229, Vətən müharibəsində isə 200-ə yaxın şəhid verib. Aprel döyüşlərində, antiterror tədbirləri zamanı da şəhidlərimiz olub. Şəhidlərimizin dövlətimizə əmanət olan övladlarının 150-si bizim rayondadır. 500-dən çox qazimiz var. Bu faktları sadalamaqla demək istəyirəm ki, qanlı müharibələrin Azərbaycana vurduğu yaralar vətəndaş olaraq hamımızı ağrıdır, acıdır. Yaralarımıza rəğmən 5 ildir ki, xoşbəxtik, çünki torpaqlarımız işğaldan azad edilib. Qaçqınlarımızın, məcburi köçkünlərimizin bir qərinəlik yurd həsrətinə son qoyulub. Yurddaşlarımız mərhələ-mərhələ yurda qayıdırlar. Əminəm ki, bir gün Qərbi azərbaycanlı soydaşlarımız da 37 ildir həsrət qaldıqları ata yurdlarına qayıdacaqlar. Odur ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində fəaliyyət göstərənlərin hamısına uğur arzulayıram”.

Vaxtilə Azərbaycan Radiosunda Qərbi Azərbaycan kəndləri barədə silsilə verilişlər hazırlayan jurnalist Bəxtiyar Bəxtiyarov orada qalan yurdlarımızdan ürək yanğısı ilə söhbət açıb. Qeyd edib ki, Qərbi Azərbaycan mövzusunda yazmaq çox çətindir. Çünki o mövzu ürək yanğısı, can yanğısı istəyir. O yanğı olmasa nəticə əldə etmək olmaz. Qərbi Azərbaycan mövzusu çoxşaxəlidir, amma Qərbi azərbaycanlı repressiya, deportasiya və soyqırımı qurbanları ən az tədqiq olunan sahələrdəndir.

“Mən Qərbi Azərbaycanın 530 kəndi haqqında məlumat toplayıb, radioverilişlər hazırlamışam. Tədbirimizdə gənc nəslin nümayəndələrinin çox olmasından istifadə edib bildirirəm ki, 1918-1920-ci illərdə Qərbi Azərbaycanda 575 min türk yaşayıb. O qanlı hadisələrdən sonra - 1920-ci ildə cəmi 20 min Azərbaycan türkü siyahıya alınıb. Qalan 555 min nəfərin qaçanı qaçıb canın qurtarıb, qaça bilməyənlərini daşnaklar qırıblar. O illərdə 499 kənd yerlə yeksan edilib”, - deyə o bildirib.

Layihənin eksperti - tarixçi Bəxşeyiş Ələmşahov Zəngəzurda öz başına gələnlərdən, gecə ikən azərbaycanlı sürücü ilə öz yaratdığı muzeyin necə “oğurlamasından” söhbət açıb. O, Abşeron rayonunun rəhbərliyinə “Qərbi Azərbaycan repressiya və soyqırımı qurbanlarının tədqiqi” kimi layihələrin keçirilməsinə şərait yaratdığına, hər zümrəni təmsil edən təşkilati dəstəyə görə minnətdarlığını bildirib.

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndəsi, gənc lider Ayxan Abbaszadə sözünə babalarının Göyçə həsrətindən başlayıb: “Babam öyrədib ki, mən Göyçə mahalının Basarkeçər rayonundanam. Qərbi Azərbaycan əcdadlarımızın məscid tikib azan səsi eşitdiyi müqəddəs məkanımız, mədrəsələrdə, məktəblərdə elm öyrəndiyi doğma ocağımızdır. Biz hələ də xəyallarımızda o yerlərdə yaşayırıq və inanıram ki, doğma yurdumuza mütləq qayıdacağıq”.

Tədbirin rəsmi hissəsindən sonra görüş iştirakçılarına son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylanıb. Tamxil Ziyəddinoğlu Abşeron Rayon İcra Hakimiyyətinin kitabxanasına “Güllə səsinə açılan qapı” kitabını hədiyyə edib.

Beləcə, İrəvana, Göyçəyə, Zəngəzura uzanan yollara düşən inam işığında hərə öz yoluna çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azertag.az

1Mənbələr