AZ

“Hrengineering”in tərəfdaşı olduğu beynəlxalq sammit başa çatdı

8 - 10 sentyabr 2025-ci il tarixlərində İstanbulda 18 ölkənin yüksək səviyyəli rəhbərlərini bir araya gətirən “Executive Leadership & AI Transformation Summit”-də ölkəmiz "HRENGİNEERIG" MMC tərəfindən təmsil olundu.

Beş ulduzlu otellərin birində baş tutan sammitdə Azərbaycandan yeganə tərəfdaş qismində “HRENGINEERING” MMC iştirak etdi. Şirkətin dəstəyi ilə “SOCAR Group” və “Veysəloğlu Şirkətlər Qrupu” - nun rəhbər heyəti tədbirdə təmsil olunaraq beynəlxalq müzakirələrdə iştirak etdilər və qlobal şəbəkələşmə imkanlarından yararlandılar.

Üç gün davam edən tədbirdə Qətər, Əlcəzair, Türkiyə və digər ölkələrdən sahə üzrə qlobal ekspert və alimlər çıxış edərək süni intellektin həyatımızda və liderlikdə rolu, biznes və liderlik sahəsində gətirdiyi imkanlarla yanaşı, yaratdığı riskləri də iştirakçılarla bölüşdülər. Sammit çərçivəsində generativ AI-in etik-hüquqi aspektləri, mövcud trendlər, liderlik çevikliyi və gələcək tətbiqləri ilə bağlı qrup müzakirələri aparıldı və ekspertlərin rəyləri dinlənildi, sonda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olundu.

“HRENGINEERING” MMC-nin baş direktoru Aynur Mirzəzadə sammitdə çıxışı zamanı qeyd etdi: “VUCA Summit 2025 süni intellektin biznes və liderlikdə yaratdığı yeni imkanları anlamaq, eyni zamanda etik və strateji çağırışları müzakirə etmək üçün dəyərli platformadır. Azərbaycanın bu qlobal dialoqa qoşulması bizim üçün mühüm addımdır və ölkəmizdəki biznes icmasının beynəlxalq miqyasda rəqabət qabiliyyətini gücləndirəcək.”

Tədbir müddətində iştirakçılar İstanbulun strateji və mədəni əhəmiyyətli məkanlarına – Galataport, Ayasofya və Sultanahmet meydanı, Çamlıca Qülləsi, Türkiyə Kosmik Agentliyi və Boğaziçi Universitetinə texniki səfərlər edərək həm şəhərin tarixi irsi, həm də müasir inkişaf imkanları ilə yaxından tanış oldular.

“SAHARA Group”un təşkilatçılığı ilə keçirilən sammit iştirakçılar üçün qlobal ekspertlərlə bilik mübadiləsi aparmaq, müxtəlif sənaye sahələrində süni intellektin praktiki tətbiqlərini öyrənmək, etik və hüquqi məsələlər barədə strateji müzakirələr aparmaq, həmçinin qlobal şəbəkələşmə imkanları qazanmaq baxımından dəyərli mühit oldu.

“HR Forum Baku” və “HR Summit Baku” tədbirlərinin müəllifi olan “HRENGINEERING” MMC həm yerli, həm də beynəlxalq tədbirlərdə təşəbbüskarlıqla iştirak edərək bu tip layihə və tədbirlərin davamlılığını təmin edir və yaxın gələcəkdə yeni təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

Seçilən
42
14
axar.az

10Mənbələr