Mənfəət vergisi müəssisələrin əldə etdikləri gəlirdən dövlət büdcəsinə ödənilən əsas vergilərdən biridir. Lakin Vergi Məcəlləsinə əsasən, bütün şirkətlər və qurumlar bu vergi ilə tənzimlənmir, müəyyən istisnalar mövcuddur.İqtisadçı ekspert Ləman Rüstəmova Metbuat.az-a açıqlamasında bildirib ki, mənfəət vergisindən azad olanlara xeyriyyə təşkilatları, qeyri-kommersiya təşkilatları, beynəlxalq dövlət təşkilatları, dövlət hakimiyyət orqanları, büdcə təşkilatları, bələdiyyələr və publik hüquqi şəxslər daxildir. O qeyd edib ki, bu qurumların sahibkarlıq fəaliyyətindən başqa digər fəaliyyətlərdən əldə etdikləri gəlirlər mənfəət vergisindən azaddır. Lakin bir istisna var: "Dövlət hakimiyyət orqanlarının, büdcə təşkilatlarının, bələdiyyələrin və publik hüquqi şəxslərin faiz və dividend gəlirləri mənfəət vergisindən azad deyil. Bütün gəlirləri mənfəət vergisindən azad olan xüsusi qurumlar da mövcuddur. Bunlara Mərkəzi Bank, ipoteka qurumları, Dövlət Neft Fondu, Əmanətlərin Sığorta Fondu və İcbari Sığorta Bürosu aiddir". İqtisadçının sözlərinə görə, maraqlı azadolmalardan biri sığorta hadisəsi ilə bağlıdır: "Belə ki, sığorta hadisəsi baş verdikdə, məsələn şirkətə 10 000 manat zərər dəyir və sığorta təşkilatı həmin məbləği ödəyir. Vergi Məcəlləsinə görə, əgər bu 10 000 manat şirkətin mənfəət hesabatında zərər kimi tanınmazsa, həmin məbləğ tam şəkildə mənfəət vergisindən azad olunur. Əks halda, yəni zərər kimi tanınarsa, həmin 10 000 manatın 20%-i hesablanaraq mənfəət vergisi ödənilməlidir". L.Rüstəmova təhsil müəssisələrinin də bütün növ gəlirlərinin mənfəət vergisindən azad olduğunu deyib: "Lakin onların dividend gəlirləri istisna təşkil edir. Əgər təhsil müəssisəsi dividend əldə edirsə və bu dividend direktorlar arasında bölünürsə, həmin məbləğ mənfəət vergisinə cəlb olunur. Yəni dividend gəlirləri istisna olmaqla, təhsil müəssisələrinin digər bütün gəlirləri mənfəət vergisindən azaddır. Bundan əlavə, vergi orqanları tərəfindən şirkətlərin vergi borcları silindikdə, bu da mənfəət vergisindən azaddır".Sevinc İbrahimzadə / Metbuat.az