AZ

“VƏTƏNİM MƏNƏ XƏYANƏT ETDİ” Puqaçovanın müsahibəsi Rusiyada aranı qarışdırdı (VİDEO)

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Çoxdan demişdim ki, çox sevdiyim vətənimi yalnız bir halda tərk edə bilərəm - vətənim mənə xəyanət etsə. Və o, mənə xəyanət etdi. Amma milyonlarla pərəstişkarım mənə xəyanət etmir”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın və keçmiş SSRİ-nin ən populyar qadın müğənnisi olmuş, əfsanəvi Alla Puqaçova son müsahibəsində deyib.

Puqaçova 2017-ci ildən bəri ilk dəfə jurnalist Yekaterina Qordeyevaya müsahibə verib. 3 saatdan çox davam edən müsahibəni cəmi 3 gündə artıq 15 milyon nəfər izləyib. Müğənni Rusiyanı tərk etməsindən, rus sənətçilərindən, yaxınlarından, siyasətçilərdən, Rusiya hökumətinə münasibətindən və müharibə əleyhinə olmasından danışıb.

Müğənni deyib ki, hakimiyyətin qarşısında “baş əymədiyi” üçün və müharibə də daxil olmaqla, Rusiyada baş verənlərin əleyhinə olduğu üçün onu və ailəsini təqib və təhqir ediblər. Puqaçova qeyd edib ki, o, susub Rusiyada qala bilməzdi: "Xeyr, susmazdım, getməyim daha yaxşı olardı. Təbii ki, bunun necə bitəcəyini bilirdim. Maksim (Puqaçovanın əri Maksim Qalkin-red.) də susmazdı. Çünki Katya, vicdan deyə bir şey var. Vicdan isə şan-şöhrətdən dəyərlidir, dəbdəbədən qiymətlidir, hər şeydən qiymətlidir… Sonra da adamın getmək haqqı var ki, təhqir olunmasın. Əgər səni heç bir səbəb olmadan təhqir edirlərsə - düzünü desəm, belə təhqirlərdən şoka düşdüm. Amma çox da təəccüblənmədim, çünki bunun olacağını bilirdim”.

Müğənni 2022-ci ildə Rusiyanı necə tərk etməsindən danışıb. O, 2022-ci il fevral ayında müalicə üçün İsrailə getməyi planlaşdırdığını deyib. Həmin vaxt artıq Maksim Qalkin müharibənin əleyhinə olduğunu bəyan etmişdi. Bu zaman onu Prezident Administrasiyasına çağırıblar və onun adminstrasiya başçısının birinci müavini Sergey Kiriyenko ilə görüşü təşkil olunub: "Kiriyenko danışmaq istəyirdi. Mən Seryojanı tanıyırdım, ona həmişə yaxşı münasibətim olub. Fikirləşdim ki, yaxşı, gedim danışım. Bəlkə nəsə təklif edər. O, mənim nədən narazı olduğumu soruşdu, mən də ailəmizə qarşı özbaşınalıqlardan narazılığımı bildirdim... O dedi ki, narahatçılıq üçün əsas yoxdur və hər şey normaldır. Ancaq hiss edirdim ki, nəsə qaydasında deyil…”

Puqaçovanın sözlərinə görə, Sergey Kiriyenko ilə görüşdən cəmi iki gün sonra Qalkin “xarici agent” elan olunub. Lakin onun sözlərinə görə, Rusiyanı tərk etmək qərarı övladlarına məktəbdə “casusların uşaqları” deyilməsindən sonra qəbul olunub: "Çantalarımızı yığdıq, yanımızda götürə biləcəyimiz 30 min dollarımız var idi. Beləcə İsrailə getdik".

Puqaçova müsahibəsində Çeçenistanın birinci Prezidenti Cövhər Dudayev haqqında xoş sözlər deyib və onun həyat yoldaşından heç cür ona kömək edə bilmədiyinə görə üzr istəyib.

Puqaçova həmçinin, Tümendə məşhur həmyerlimiz Fərman Salmanovla görüşündən, ona heyran olduğundan və onun müğənniyə verdiyi dəstəkdən danışıb.

Müğənni müharibənin əleyhinə olduğunu bir daha təkrarlayıb və rusiyalılara çağırış edib: “Uşaqlar, həqiqəti söyləməyi öyrənin. Yaxşılığa, xeyirxahlığa, gözəlliyə can atmağı öyrənin. Heç nəyi dağıtmağa ehtiyac yoxdur, biz qurmalıyıq, yaratmalıyıq. Biz sülh üçün dua etməliyik, müharibədən zövq almamalıyıq”.

Əfsanəvi müğənninin bu müsahibəsi Kremli, onun təbliğatçılarını və çoxdan qudurmuş “Z-bloqerləri” çox narahat edib. Efirlərdə və sosial şəbəkələrdə onların Puqaçovaya yağdırdıqları təhqir və təhdidlərin sayı-hesabı yoxdur. Lakin müğənnini dəstəkləyənlərin sayı qat-qat daha çoxdur.

Kreml Puqaçovaya Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın dili ilə cavab verib. O isə öz səviyyəsinə uyğun ifadələr işlətməklə, heç bir arqument gətirmədən Puqaçovanı ikiüzlülükdə günahlandırıb.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən Puqaçova və Maksim Qalkin İsrailə gediblər. İndi onlar dünyanın müxtəlif ölkələrinə səfərlər edirlər. Onların İsrail pasportu, həmçinin Kipr vətəndaşlığı var.

Cəlal Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
azpolitika.info

1Mənbələr