Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozmasından sonra Almaniyada Rusiyanın NATO-ya üzv dövlətlərə birbaşa təcavüzü ehtimalı ilə bağlı narahatlıq xeyli artıb...
Poliqon xəbər verir ki, INSA institutunun Bild nəşri üçün keçirdiyi sorğuya əsasən, almanların 62%-i Rusiyanın Alyans ölkələrinə, xüsusən də Polşaya və ya Litvaya hücumu riskini real hesab edir. Respondentlərin yalnız 28%-i bu fikri bölüşmür, daha 10%-i isə qərarsızdır.
Bundan əlavə, almanların əksəriyyəti Moskvaya qarşı daha sərt tədbirlərin görülməsinin tərəfdarıdır. Respondentlərin 49%-i Rusiyanın Aİ-yə neft və qaz tədarükünün dərhal dayandırılmasını dəstəkləyir, 33%-i isə bunun əleyhinədir. Digər 11% cavab verə bilməyib, 7% isə vecinə olmadığını bildirib.
Respondentlərin yarısı (51%) hesab edir ki, Rusiyanın Avropa İttifaqındakı dondurulmuş aktivləri Ukraynaya kömək üçün istifadə edilməlidir. 29% bu fikri dəstəkləmir, 20% isə qərarsızdır.
Sorğu sentyabrın 11-12-də 1002 alman arasında keçirilib.
Rusiya pilotsuz təyyarələri ilə bağlı son hadisələr Avropada narahatlığı artırır. Sentyabrın 10-da onların Polşanın hava məkanını pozması BMT Baş Assambleyasının iclasında 40-dan çox ölkənin kəskin reaksiyasına səbəb olub. Sentyabrın 13-də isə Rumıniya oxşar hadisə barədə məlumat verib.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya pilotsuz təyyarəsi təxminən 50 dəqiqə Rumıniya hava məkanında olub və 10 kilometr aşağı enib.
Poliqon.info