AZ

ISW: Rusiya NATO ölkələrini dronlarla yoxlayır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Rusiya NATO ölkələrinə pilotsuz zərbə aparatları ilə hücum edərək alyansın müdafiə imkanlarını və reaksiyasını sınaqdan keçirir. Məqsəd - əldə olunan təcrübəni gələcəkdə potensial qarşıdurmalarda tətbiq etməkdir. Eyni zamanda, Kremlin ciddi büdcə kəsiri ilə üzləşdiyi və bu səbəbdən əhalinin üzərinə əlavə vergi yükü qoymaq istədiyi vurğulanır. Rusiya hökumətinin yaxın vaxtlarda əlavə maliyyə mənbəyi kimi ƏDV-ni 20 faizdən 22 faizə qaldırmağı müzakirə etdiyi qeyd olunur. Bu addım büdcəyə ildə əlavə 1 trilyon rubl (təxminən 11,9 milyard dollar) qazandırsa da, nəticədə istehlakçıların xərcləri artacaq. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında federal büdcə kəsiri 4,2 trilyon rubl (təxminən 50 milyard dollar) təşkil edib. Halbuki hökumət bütün il üçün 3,8 trilyon rubl kəsir planlaşdırmışdı. Prezident Vladimir Putinin sözlərinə görə, hazırda Rusiyanın hərbi büdcəsi ÜDM-in 6,3 faizinə - 13,5 trilyon rubla (təxminən 160 milyard dollar) bərabərdir. Bu xərclər büdcə kəsirini artırmaqla yanaşı, əlavə vəsaitlərin hərbi sənaye kompleksinə yönəldildiyini də göstərir. Maraqlıdır ki, Kreml iyul ayında kiçik dron istehsalçıları üçün ƏDV-ni sıfıra endirib.
Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiya Ukraynaya qarşı kütləvi hücum zamanı azı 21 pilotsuz uçuş aparatını Polşanın hava məkanına göndərib. NATO qüvvələri havaya qalxaraq hədəfləri məhv edib. Hücumun əsas istiqamətlərindən biri Ukraynaya silah təchizatı üçün ən böyük mərkəz sayılan Jeşuv logistika qovşağı olub. Polşa ordusu ərazisində 16 dronun qalıqlarını aşkar edib. Hadisədən sonra NATO "Şərq mühafizi" adlı əməliyyata başlayaraq Avropanın şərq cinahında müdafiəni gücləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr