AZ

Danimarka ABŞ-ın 8,5 milyard dollarlıq Patriot təklifindən imtina etdi

Danimarka hökuməti ABŞ-ın təklif etdiyi “Patriot” zenit-raket sistemlərinin alınmasından imtina edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Defense Express məlumat yayıb.

ABŞ Dövlət Departamenti Danimarkaya hər biri üç buraxılış qurğusundan ibarət iki “Patriot” batareyası və əlaqəli avadanlıqları 8,5 milyard dollara satmağa razılıq vermişdi. Lakin rəsmi Kopenhagen bu sövdələşməni rəsmiləşdirməyib. Məlumata görə, ABŞ sonradan bu qiyməti əhəmiyyətli dərəcədə – 3,2 milyard dollara qədər endirsə də, danışıqlar müsbət nəticələnməyib.

Mənbənin yazdığına görə, Danimarka ümumilikdə hava hücumundan müdafiə sistemlərinə 8 milyard dollardan az vəsait ayırmağı planlaşdırırdı. Məhz yüksək qiymət “Patriot” sistemindən imtinanın əsas səbəbi olub.

Danimarka sonda Avropa istehsalı olan SAMP/T NG sisteminə üstünlük verib və ilkin mərhələdə ən azı dörd belə kompleksin alınması nəzərdə tutulur.

Kopenhagen, həmçinin qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınmasına da vəsait ayıracaq. Ümumilikdə ölkənin 32 ədəd hava hücumundan müdafiə sisteminə sahib olması planlaşdırılır.

DSCA (ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi) əvvəlcə 3 sentyabr tarixli sənəddə sövdələşmənin qiymətini 8,5 milyard dollar olaraq göstərmişdi. 14 sentyabrda isə sənədə düzəliş edilib və qiymət 3,2 milyard dollar olaraq qeyd olunub. Sənədin yenilənmiş variantı artıq rəsmi saytda yerləşdirilib.

Digər tərəfdən, Ukrayna Rusiya pilotsuz təyyarələrinin Polşa hava məkanını pozmasından sonra NATO ölkələrini regionun hava hücumundan müdafiə sistemlərini gücləndirməyə çağırıb.

Washington Postun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşları “Avropa üzərində vahid hava qalxanı” yaratmaq üçün birgə əməkdaşlığa dəvət edib.

Eyni zamanda, BILD yazır ki, NATO Rusiya pilotsuz təyyarələrinin Polşa üzərində vurulması üçün 1,2 milyon avrodan çox vəsait xərcləyib. Hücum zamanı iki F-35 qırıcısı tərəfindən üç Rusiya PUA-sı məhv edilib. Pilotsuz təyyarələrə qarşı AIM-9 Sidewinder raketlərindən istifadə olunub. Hər raketin buraxılması isə təxminən 400.000 avroya başa gəlib.

Seçilən
21
veteninfo.az

1Mənbələr