AZ

Paris Qastronomiya şəhərciyi: Azərbaycan mətbəxi layiqincə təmsil olunub - FOTOLAR

Parisdə Eyfel qülləsinin yaxınlığında Beynəlxalq Qastronomiya şəhərciyi başa çatıb. Qastronomiya şəhərciyi çərçivəsində Azərbaycan mətbəxinin ləziz təamlarını nümayiş etdirən pavilyonumuz ziyarətçilərin rəğbətini qazanıb. SİA xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyi və “Azərbaycan Dostları” Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşmış pavilyonu səfir Leyla Abdullayeva, onun müxtəlif ölkələrdən olan səfir həmkarları, Parisdəki diplomatlarımız və festival iştirakçıları ziyarət ediblər.

Paris Beynəlxalq Qastronomiya şəhərciyində ölkəmizin milli adət-ənənələrinə uyğun bəzədilmiş pavilyonunda milli geyimlə müşayiət olunan mühit yaradılaraq, milli mətbəx nümunələrimiz təqdim olunub. Pavilyonda milli mətbəximizin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş olunub.

Pavilyonumuzun ziyarətçiləri Azərbaycanın qastronomik turizm istiqaməti olan füsunkar Qəbələ bölgəsinin mətbəx irsi ilə tanış olublar. Ziyarətçilər bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri - şah plov, dolma, qaralı plov, müxtəlif turşular, eləcə də milli şirniyyatlarımız - şəkərbura, paxlava, badambura, müxtəlif mürəbbələr, milli çayımızı dadaraq heyranlıqlarını bildiriblər. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Ziyarətçilər “Happy Day Cake” şirniyyat evinin hazırladığı paxlava və şəkərburaya heyranlıqlarını bildiriblər. Bununla yanaşı, iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

"Beynəlxalq Qastronomiya şəhərciyi" bütün ölkələr arasında mədəni, iqtisadi və turizm sahələrində mübadilə üçün geniş imkanlar yaradır. Hər bir ölkənin öz milli mətbəx nümunələrini - xörəkləri, şirniyyatları, ədviyyat və müxtəlif təamlarını hazırlayıb təqdim etmək, zəngin mədəni irsini layiqincə təbliğ etmək imkanı olur.

Tədbirdə xörəklərin və içkilərin dequstasiyası və satışı ilə yanaşı, süfrə mədəniyyəti, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayiş olunur və musiqilər səsləndirilir.

Qastronomiya şəhərciyi çərçivəsində müxtəlif ölkələrdən gələn məşhur aşpazlar ustad dərsləri təşkil ediblər.

Qeyd edək ki, Paris Beynəlxalq Qastronomiya Günləri 2016-cı ildən etibarən keçirilir. Bu il festival çərçivəsində 60-dan çox ölkəni təmsil edən pavilyonlar, habelə 120-ə yaxın ölkədən nümayəndələr bir araya gəlib. Tədbiri 40 mindən çox insanın ziyarət edəcəyi gözlənilir.

Təşkilatçıların sözlərinə görə, xüsusən də bir dəfə milli xörəkləri dadmış qonaqların bu qastronomik təəssüratı təkrarlamaq üçün yenidən qayıtmaları uğurun sübutu olub.

Seçilən
14
4
sia.az

5Mənbələr