ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Berlin, 14 sentyabr, AZƏRTAC
İspaniya hökuməti ölkədə artmaqda olan mənzil çatışmazlığının qarşısını almaq məqsədilə 53 min 876 qanunsuz turizm mənzilini onlayn platformalardan sildirməyi qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Pedro Sançes Malaqada keçirilən partiya tədbirində çıxışında bildirib. Baş nazir qeyd edib ki, həmin mənzillər yaxın vaxtlarda adi mənzil bazarına qaytarılacaq, gənclərin və ailələrin istifadəsinə veriləcək. Bu kateqoriyaya məcburi qeydiyyat nömrəsi üçün müraciət etmiş, lakin qanuni tələblərə cavab vermədiyi üçün bu nömrəni almayan mənzillər aiddir.
Ən çox qanunsuzluqlar Sevilya (2289), Marbella (1802), Barselona (1564), Malaqa (1471) və Madrid (1257) şəhərlərində aşkarlanıb. Mənzil Nazirliyi qanunsuz elanların portallardan silinməsi barədə müvafiq platformaları məlumatlandırıb.
Qeyd edək ki, İspaniyada son illərdə mənzil qıtlığı daha da kəskinləşib. Rəsmi statistikaya görə, ölkədə turizm mənzillərinin sayı hazırda 400 minə yaxındır və bu göstərici hər il 15 faizə qədər artır. Aprelin əvvəlində ölkə üzrə on minlərlə insan “Mənzildən qazanc biznesinə son verək” şüarı altında aksiyalar keçirərək sosial mənzil tikintisinin artırılmasını və evlərin turizm obyektinə çevrilməsinə son qoyulmasını tələb edib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.