525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Sentyabrın 12-də keçirilən "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusuna həsr olunmuş təhsil forumunda məktəb direktorlarından birinin toxunduğu vacib məqam məni ciddi düşündürdü: bölgələrdəki müəllim və şagirdlərin texnologiyaya çıxışı hələ də paytaxtla müqayisədə bərabər deyil. Bu isə, nəticə etibarilə, təhsilin keyfiyyətinə və gələcək nəslin imkanlarına birbaşa təsir göstərir".
Bu fikirləri 525.az-a millət vəkili Fatma Yıldırım deyib. Millət vəkili bildirib ki, biz bu gün təhsildə keyfiyyətin artırılmasından danışırıqsa, ilk növbədə regionlarda təhsil mühitinin bərabərləşdirilməsi üzərində ciddi düşünməliyik. Xüsusilə də rəqəmsal imkanlara çıxış məsələsi artıq lüks deyil — bu, təhsildə ədalət və gələcəyə bərabər hazırlıq məsələsidir:
"Mən təklif edirəm ki, 2026-cı il dövlət büdcəsində ayrıca məqsədli proqramla "Kənd məktəblərində minimum texnoloji təminat paketi" formalaşdırılsın. Hər müəllim və hər 3-4 şagird üçün fərdi kompüter və ya planşet, yüksək sürətli internet, texniki dəstək komandaları və mütəmadi təlimlərlə müşayiət olunan davamlı sistem qurulsun.
Burada məqsəd təkcə kompüter vermək deyil — rəqəmsal düşüncə tərzini formalaşdırmaqdır. Biz müəllimlərimizi də bu mühitə hazırlamalıyıq. Rəqəmsal savadlılıq artıq baza bacarığıdır — yazı və oxu qədər vacib.
Bu təklif, əslində, yaşıl enerji və texnoloji keçid yolunu seçmiş Azərbaycanın gələcəyinə sərmayədir. Yəni biz regionlarda texnologiya ilə işləməyi bacaran bir nəsil yetişdirməliyik.
Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, təhsilə qoyulan sərmayə – ölkənin gələcəyinə qoyulan ən mühüm sərmayədir. Gəlin bu sərmayəni bölgələrdə daha güclü həyata keçirək".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.