AZ

Türkiyə qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirir

Ankara, 14 sentyabr, AZƏRTAC

2025-ci ildə Türkiyə Miqrasiya Xidməti mobil miqrasiya məntəqələrinin sayını 375-ə çatdırıb ki, bu da ölkə ərazisində qeyri-qanuni qalan şəxslərin müəyyən edilməsi prosesinin səmərəliliyini artırıb.

AZƏRTAC xəbər verir ki, xüsusi təchiz olunmuş səyyar miqrasiya məntəqələri əcnəbi vətəndaşların şəxsiyyətinin operativ şəkildə müəyyən edilməsinə, ölkədə yaşamaq üçün icazənin olub-olmamasını müəyyənləşdirməyə imkan verir.

Türkiyə dünyada qeyri-qanuni miqrasiya ilə mübarizə üçün belə bir model tətbiq edən ilk ölkə oldu.

Təkcə 2024-cü ilin sonuna olan məlumata görə 270 səyyar miqrasiya məntəqəsində 2 milyon 465 min əcnəbinin şəxsiyyəti yoxlanılıb, nəticədə 104 min 767 qeyri-qanuni miqrant saxlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə 4125 əməliyyat keçirilib, miqrantların qanunsuz göndərilməsi kanallarının təşkili ilə məşğul olan 2 mindən çox şəxs müəyyən edilərək həbs olunub. Ümumilikdə 2024-cü ildə Türkiyədən 140 min əcnəbi çıxarılıb ki, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 10 min nəfər çoxdur.

Bu günə qədər Türkiyənin 25 vilayətində ümumi tutumu 18 min 780 nəfər olan Deportasiya mərkəzləri fəaliyyət göstərir.

Türkiyə Miqrasiya Xidməti yanında Deportasiya mərkəzlərinin fəaliyyəti Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi standartlara uyğundur.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
9
2
azertag.az

3Mənbələr