AZ

“”O qaçqındır” deyə linç edildiyim günləri xatırladım”

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Cəmiyyətdə fikir bildirərkən yüz ölçüb, bir biçmək lazımdır. Emosional çıxış edib reytinq qazanmaq, "mən ədalət carçısıyam” deyib ağına-bozuna baxmadan yıxıb-sürümək fayda verməz. Məcburi köçkünlərə dil uzatmaq üçün onun yaşadığı acılı günlərdən gərək ki, birini yaşamış olasan. Heç vaxt yaşamadığın ağrı barədə hökm verə bilməzsən. Uşaqlığın güllə-boran altında məhv olmayıbsa, evsiz-eşiksiz küçədə çörək axtarmamısansa, yaxınlarının ölümünü gözünün önündə görməmisənsə — sənin söz haqqın yoxdur. İmam övladı da olsan, bu məsələdə haqsızsan.

Mən, Günel Mönsümova doğulduğum Zəngilan rayonunun işğaldan azad olunma xəbərini ağlayaraq efirdə səsləndirəndə, o an məcburi köçkün həyatım gözümün önündə canlanırdı. Orta məktəbdə "o qaçqındır!” deyib linç edildiyim günlərdən ta o vaxtadək yaşadığım ağır günlərin bitdiyini düşünərək, üstümüzə yapışıb qalmış, xor baxılan "qaçqın” sözündən qurtulduğumu, bütün ağrı-acılarımızın bitdiyini zənn edərək o qələbə xəbərini səsləndirirdim. Çoxları "artist” dedi, çoxları qınadı. Olsun. Qınayan da sınanmadan bu həyatdan köçmür.

İndi uşaqlıqda "filan oyuncağı istədim, anam almadı” deyib travma anladırlar. Və ya "hansısa əşyam itdi, qırıldı, hələ də gözüm onu axtarır” deyib unutmurlar. Bəs biz məcburi köçkünlərin yaşadığı nə idi?! Bir düşünün, sonra dil uzadın. İnsanın ölüsü ölməlidir ki, başqasının ölüsünü ağlasın? 

Biz məcburi köçkünlər  hələ də o illərin travmasını daşıyırıq. Hər birimiz nəsə itirdik: uşaqlığımızı, gəncliyimizi, sevdiklərimizi, evimizi, var-dövlətimizi... Sıfırdan həyata başladıq. Cırmaq-cırmaq nələrəsə nail olduq, ayaqda durduq. Özünüzü bir anlıq bizim yerimizə qoydunuzmu bu illər ərzində? Qoya da bilməzsiniz. Çünki yaşayan bilər. Odur ki, səsinizi kəsin, isti evinizdə oturub çayınızı için, serialınıza, TikTok-dakı videolara baxın. Belə ağır mövzular sizlik deyil.

Günel Mövsümova, teleparıcı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
azxeber.com

1Mənbələr