AZ

Fransızlar Sebastyan Lekornunun yeni baş nazir təyin edilməsindən narazıdır

Paris, 14 sentyabr, AZƏRTAC

Fransada yeni təyin olunmuş Baş nazir Sebastyan Lekornu ictimai rəy sorğularına əsasən, vəzifəyə gələn ilk günlərində belə xalqın dəstəyini qazana bilməyib. İfop sorğu institutunun “Journal du dimanche” qəzeti üçün və İPSOS BVA -nın “La Tribune Dimanche” portalı üçün apardığı və sentyabrın 14-də dərc edilən iki müxtəlif sorğuya görə, fransızların əksəriyyəti Lekornunun təyin edilməsindən narazıdır.

AZƏRTAC xəbər verir ki, İPSOS/ BVA-nın aylıq sorğusuna əsasən, Sebastyan Lekornu cəmi 16 faiz müsbət rəyə sahibdir. Halbuki, ondan əvvəlki Baş nazirlər daha yüksək faizli müsbət rəyə malik olublar.

Sorğuda iştirak edənlərin 44 faizi isə Lekornunu kifayət qədər tanımadıqları üçün rəy bildirməyiblər. S. Lekornu sentyabrın 10-da Prezident Emmanuel Makron tərəfindən yeni Baş nazir təyin edilib.

Eyni sorğular həm də Prezident Emmanuel Makronun nüfuzunda ciddi azalma olduğunu göstərir.

İPSOS/ BVA -nın məlumatına görə, Makronun müsbət qiymətləndirilməsi cəmi 17 faizə düşüb – bu, 2017-ci ildən bəri onun üçün ən aşağı göstəricidir. Xüsusilə də, onun öz elektoratı arasında 18 faiz azalma müşahidə olunub.

Ifop-un sorğusunda isə, prezidentin fəaliyyətindən narazı olanların sayı 81faizə çatıb. Bu, da əvvəlki aya nisbətən 5 faiz artım deməkdir. Məmnun olanların nisbəti isə cəmi 19 faizdir.

Sorğu iştirakçılarının 60 faizi yeni hökumətin və prezidentin müxalifətlə razılaşma əldə edə bilməyəcəyinin və 2026 büdcəsinin qəbulunun çətin olacağını düşünür. Bu isə Lekornu hökumətinin qarşıdakı aylarda çətin siyasi proseslərlə üz-üzə qalacağını göstərir.

Bu nəticələr fonunda, yeni Baş nazirin ictimaiyyət qarşısında imic formalaşdırması və Prezident Makronun siyasi kursuna dəstək qazanması çox çətin görünür.

Seçilən
7
2
azertag.az

3Mənbələr