BAKI,TurkicWorld, Fərid Mikayılov
BƏƏ-də yağışa olan sevgi ilə sel qorxusu yan-yana dayanır. Son günlərdə ölkənin şimal dağ kəndlərindən birində başlayan güclü yağış, həm yerli əhali, həm də bölgədə çalışan minlərlə xarici işçini həyəcanlandırıb. Ancaq bu təbiət hadisəsi BƏƏ üçün eyni zamanda xəbərdarlıq siqnalıdır.
1980-ci illərdə cəmi 255 min nəfərin yaşadığı Dubayda bu gün 4 milyondan çox əhali yaşayır. Əhalinin artması ilə su tələbatı da kəskin yüksəlib. Ölkə hazırda içməli suyun böyük hissəsini 70-ə yaxın duzsuzlaşdırma müəssisəsi və tullantı sularının təkrar istifadəsi hesabına təmin edir. Bununla belə, Dünya Resursları İnstitutuna görə BƏƏ, su qıtlığı riski baxımından dünyada 7-ci yerdədir.
BƏƏ illərdir “bulud toxumlama” texnologiyasından istifadə edir. Təyyarələr vasitəsilə buludlara kimyəvi maddələr buraxılaraq yağış yaradılmağa çalışılır. Dövlət başçısı Şeyx Məhəmməd bin Zayedin sözləri bu reallığı təsdiqləyir: “Su, neftdən daha vacibdir”.
2024-cü ilin aprelində Dubay tarixində ən güclü yağış qeydə alınıb. Şəhərə cəmi 24 saatda 142 millimetr yağış düşüb – bu, adi illik normadan qat-qat çoxdur. Nəticədə küçələrdə sel daşqınları yarandı, nəqliyyat iflic oldu və zərərlərin 4 milyard dollara qədər yüksəldiyi bildirildi.
Mütəxəssislərin hesablamalarına görə, Dubay əhalisinin 85 faizi və infrastrukturun 90 faizi yüksələn dəniz səviyyəsi və ekstremal hava hadisələri qarşısında zəif vəziyyətdədir.
Bu səbəbdən Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum 8 milyard dollarlıq yeni layihə elan edib. Yeraltı tunel texnologiyası ilə qurulacaq nəhəng drenaj sistemi şəhərdə yağış sularının toplanmasını və şəbəkənin gücünü 700 faiz artırmağı hədəfləyir.
Bütün risklərə rəğmən, yağış BƏƏ-də sevinc də gətirir. Xüsusən də Hindistanın Kerala bölgəsindən gəlmiş işçilər üçün hər damla uşaqlıq xatirələrini oyadır.
BƏƏ üçün yağış həm həyat qaynağı, həm də böyük təhlükədir. Sürətlə artan əhali, su qıtlığı və iqlim dəyişikliyi fonunda ölkə, həm infrastruktur layihələri, həm də texnoloji həllərlə yağışın gətirdiyi riskləri azaltmağa çalışır. Ancaq bütün bunlara baxmayaraq, səhrada yağan hər damla hələ də ümid və sevinc qarşılanır.