AZ

Kiçik dronlar, böyük təsir: asimmetrik üstünlük dövrünün başlanğıcı

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

"Financial Times"in məqaləsinə görə, süni intellektlə idarə olunan dron sürülərinin meydana çıxması döyüş sahəsini kökündən dəyişdirə və müdafiəni “həddən artıq yükləyə” bilər. Bir neçə firma artıq bu sahədə qabaqcıl proqram təminatı hazırlayır ki, bu da pilotsuz hücumları daha məhvedici edə bilər.

"Auterion" şirkətinin icraçı direktoru Lorenz Mayer jurnalistlərə bildirib ki, yeni texnologiyanın peyda olması “dönüş məqamı”dır. Mayerin sözlərinə görə, Nemyx adlı proqram ayrı-ayrı dronları vahid, sinxronlaşmış qüvvəyə çevirə bilir. Bu sistem "Auterion"un əməliyyat sistemi üzərində işləyir və tətbiq formasında təqdim olunur — yəni uyğun drona sadə bir yeniləmə ilə qoşulmaq mümkündür.

Mayer, həmçinin qeyd edib ki, bu proqram təminatı hələ döyüş şəraitində tətbiq edilməyib. Buna baxmayaraq, şirkət Pentaqonla bağladığı müqavilə çərçivəsində 2025-ci ilin sonuna qədər Ukraynaya 33 000 “zərbə sistemi” tədarük etməyi planlaşdırır. Mayer əlavə edib: “Hər kəs sürülərdən (dron sürüləri-red.) danışır, hər kəs sürülərdən qorxur. Hər kəs bilir ki, bu, düşmənin müdafiəsini yükləyəcək.”

Məqalədə vurğulanır ki, dron sürülərinin əsas üstünlüyü bir operatorla bir neçə PUA-nın idarə edilməsidir. Bu, müdafiəni yayındıran və eyni zamanda, daha mürəkkəb taktikaların reallaşdırılmasına imkan verən hücum ssenarilərinə yol açır. "Helsing" şirkətinin həmtəsisçisi Gundbert Şerf bunu belə şərh edir: “Sürü ideyası — qüvvəni vurğulamaqdır. Siz bir nəfərdən istifadə edirsiniz, amma qüvvəni çoxaltırsınız.”

FT xatırladır ki, Rusiya artıq ucuz “Şahed” tipli dronlarla sürü taktikasından yararlanır və Ukraynanın şəhərlərinə qruplaşmış hücumlar təşkil edir. Lakin ekspertlər xəbərdarlıq edirlər ki, yeni proqram təminatı dron sürülərini daha da təhlükəli edə bilər — cihazlar “yolda öyrənə” və döyüş təcrübəsindən çıxarılan nəhəng məlumat arxivindən faydalana bilərlər.

"Helsing"in rəhbəri qeyd edir ki, qabaqcıl proqram təminatı dronlara döyüş şəraitində adaptasiya və analiz qabiliyyəti qazandırır. Məqalədə qeyd olunur ki, Universal Military Dataset adlı məxfi döyüş dronları bazası yalnız ukraynalı şirkətlər üçün əlçatandır və "Helsing" komandalarının bu qədər böyük məlumat həcminə çıxışı sürülərin inkişafı üçün önəmli olub.

Eyni zamanda. ekspertlər avtomatik qərarvermə ilə əlaqədar narahatlıqlara münasibət bildirirlər. Gundbert Şerf vurğulayıb ki, hazırkı mərhələdə avtonom sürülərin vacib qərarları tamamilə insan nəzarətindən çıxarması barədə qəti qorxulara əsas yoxdur — insan hələ də nəzarəti ələ ala bilər.

Məqalədə ayrıca Rusiya tərəfində tətbiq olunmağa başlayan yeni texnologiyalardan də bəhs edilir. Rabitə və elektron kəşfiyyat üzrə mütəxəssis Sergey Beskréstnov bildirib ki, ruslar “Molniya” tipli dronlara optik lif (optofiber) quraşdırmağa başlayıblar. O qeyd edir ki, bu, rəqibin ön və sərhəd zolaqlarındakı obyektləri təxminən 20 kilometr məsafədən hədəf almağa imkan verəcək və bu həllin sınaqları artıq yekunlaşmaq üzrədir — yaxın vaxtlarda belə dronlar Ukrayna mövqelərinə qarşı istifadə oluna bilər.

"Financial Times"in təhlili göstərir ki, süni intellekt ilə gücləndirilmiş dron sürüləri döyüş taktikalarını və müdafiə konsepsiyalarını dəyişdirə, həmçinin tərəflər arasında yeni tarazlıq və risk nöqtələri yarada bilər. Hər iki tərəfin belə texnologiyaları sınaqdan keçirməsi və tətbiqi təhlükəsizlik müzakirələrini daha da aktuallaşdırır.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
1
xalqqazeti.az

2Mənbələr