AZ

Dərslərin 70 faizi zəif keçir - Çıxış yolu nədir? – MÜSAHİBƏ

Sentyabrın 12-si “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutu direktorunun vəzifələrini icra edən Elnur Əliyev deyib ki, 400 məktəbdə 17300 dərsdinləmə aparılıb və dinlənilən hər 10 dərsdən 7-də tədrisin keyfiyyətinin zəif olduğu aşkarlanıb: “Dərslərin 30%-i kafi və ya yaxşı qiymətləndirilib. Hər 10 dərsdən 3-də müəllimlər vaxt və resurslardan səmərəli istifadə edirlər. Həmçinin müəyyən olunub ki, şagirdlərin 70 faizi dərsə fəal cəlb olunmur. Hər 10 dərsdən 7-də formativ qiymətləndirmə düzgün aparılmır”.

Medianews.az saytı məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndidən müsahibə götürüb. 

- Dərslərin 70%-nin zəif qiymətləndirilməsi əsasən hansı səbəblərlə bağlıdır – müəllim hazırlığı, proqramın çətinliyi, yoxsa metodoloji problemlər?..

- Dərslərin 70 faizinin zəif qiymətləndirilməsi müəllimlərin formal qiymətləndirmə ilə bağlı bilik və bacarıqlarının tam şəkildə formalaşmamasından irəli gəlir. Burada müəyyən qədər proqramın mürəkkəbliyi də rol oynayır. Müəllimlərə proqramdan əlavə verilən tapşırıqların çoxluğu da onların düzgün qiymətləndirmə apara bilməmələrinə gətirib çıxarır.

- Müəllimlərin dərsdə vaxt və resurslardan səmərəli istifadə edə bilməməsinin səbəbləri nədir?

- Vaxt və resurslardan səmərəli istifadə edilməməsinin başlıca səbəbi müəllimlərə verilən əlavə tapşırıqlardır. Onlar summativ qiymətləndirmələr keçirirlər, müvafiq kağız daşıycılara, həmçinin kağız jurnala qiymət yazırlar. Bu ildən elektron jurnal yalnız paytaxt məktəblərini əhatə edəcək. Amma bölgə məktəblərində qiymətləndirmələr hələ də kağız jurnallarda aparılır. Əlavə olaraq müəllimlərdən gündəliklərdə qeydlər aparmaları tələb olunur. Bu da, əlbəttə ki, xeyli vaxt tələb edir. Nəticədə müəllimlər ixtiyarlarında olan vaxtı şagirdlərə maksimum dərəcədə sərf edə bilmirlər.

- Şagirdlərin 70%-nin dərsə fəal cəlb olunmaması nə ilə bağlıdır – motivasiya çatışmazlığı, tədris metodları, yoxsa məktəb mühiti?

- Şagirdlərin əksəri müasir texnoloji vasitələrdən çox istifadə edir. Nəticədə onları dərs prosesinə cəlb etmək bir qədər çətinləşir. Bunun üçün də düşünürəm ki, müəllimlər texnoloji vasitələri artıq dərs prosesinə tətbiq etməlidirlər. Müəllimlər şagirdlərin diqqətini çəkə biləcək video çarxlar hazırlaya bilərlər. Yaxud da keçirilən mövzu ilə bağlı uşaqlara araşdırma aparmağı, texnologiyaların köməyilə nələrsə hazırlamağı tapşıra bilərlər. Beləcə onların dərs prosesinə daha fəal cəlb olunmasına stimul vermək olar. Motivasiya gücləndirilməli, mühit düzgün qurulmalıdır. Şagirdləri onsuz da istifadə etdikləri müasir texnoloji alətlər hesabına daha da həvəsləndirmək lazımdır. XXI əsrdə bu, mütləqdir.

- Bəs bu sahədə müəllimlərin bilik və bacarıqlarının artırılması üçün hansı addımlar atılmalıdır?

- Müəllimlər peşəkar təlimlərə cəlb olunmalıdırlar. Bir müəllimin hansı sahədə daha yaxşı nəticələri varsa, həmin müəllim digərlərinə təlim keçməlidir. Müəllimlər treninqlərə, təlimlərə cəlb olunmaqla bilik və bacarıqlarını artırmalıdırlar ki, ümumi dərs prosesini daha yaxşı idarə edə bilsinlər.

Nailə Qasımova


Seçilən
28
azia.az

1Mənbələr