AZ

Tarixdə dönüş yaradan Zəfər

Azərbaycanın milli yaddaşında böyük əhəmiyyət kəsb edən 15 sentyabr 1918-ci il tarixi ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur. Məhz bu tarixdə, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu birlikdə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad ediblər.

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü tamam olur. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun həyata keçirdiyi bu xilaskarlıq missiyası Azərbaycan tarixinə şanlı hadisə kimi yazılıb. Həmin hadisədən üç il əvvəl Şəmkirin məşhur Bədirbəylilər nəslindən olan Zeynal ağa Bədirbəyli zabit rütbəsində rus-türk müharibəsinin iştirakçısı olarkən döyüşlərin şiddətli vaxtı biləndə ki, o, türklərə qarşı vuruşur, cidd-cəhdlə döyüşdən imtina edir: "Mən türk qardaşlarıma güllə ata bilmərəm" deyib, silahını yerə qoyur, hərbçi andını pozur və çox çətinliklə də olsa baş götürüb birbaşa Azərbaycana gəlir. Təəssüf ki, onu 1920-ci ildə küçədəcə erməni daşnaklar güllələdilər, ailəsi bolşeviklər tərəfindən Sibirə sürgün edildi. 

Bu da tarixi həqiqətdir ki, Çanaqqalada türk qardaşlarına kömək edərkən, o torpaqda yüzlərlə azərbaycanlı oğullar şəhadətə qovuşmuşdur. Babalarımızın miras qoyduğu bu silah qardaşlığı sonrakı illər ərzində yeni məzmunla zənginləşərək bir millət, iki dövlətin taleyində mühüm amil olmuşdur. 

Birinci Dünya müharibəsindən geri çəkilən Rusiya hərbçiləri Cənubi Qafqaza gələrək Azərbaycan ərazisində qanlar tökən erməni bandaları ilə gah gizlin, gah aşkar birgəlik nümayiş etdirdilər. Bu birgəlikdən güc alan daşnak-bolşevik ünsürlərdən təşkil edilmiş Bakı Soveti türk-müsəlman əhaliyə zülm etməyə başladı. Bakı şəhəri Stepan Şaumyanın başçısı olduğu Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan, Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. İş o yerə çatdı ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilən soyqırımının qarşısını almaq mümkünsüz oldu. 

Xatırladaq ki, bu mürəkkəb dövrdə - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı artıq yadellilərin əlində idi və bu səbəbdən Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. Həmçinin dövlətin müstəqilliyini müdafiə etməyə qadir milli hərbi qüvvələr hələ tam formalaşmamışdı. Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkünsüz idi. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi. Azərbaycanın müstəqillik əldə etməsi bu ölkələrin marağına uyğun deyildi. 

1918-ci il iyunun 4-də Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə imzalanmış müqaviləyə əsasən Osmanlı dövləti Azərbaycana yardım etməyi öz üzərinə götürdü. Təbii ki, dünya türklüyünün və İslamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda azərbaycanlı qardaşlarının taleyinə biganə qala bilməzdi. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətinə müraciəti dərhal diqqətə alındı. Hərbi nazir Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana silahlı qüvvələr göndərdi. 1918-ci il mayın 25-də Nuru paşa  Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərksilah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi. Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi. Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə bolşevik Rusiyası Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya Bakı neftindən alacağı bəlli pay müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilmədi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Hərbi əməliyyatlar zamanı Osmanlı ordusu 1130 nəfərdən çox şəhid vermişdi. Ümumiyyətlə isə, xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə onlarla şəhidlik mövcuddur. 

Bakı sentyabrın 15-də azad edildi. Sentyabrın 16-da Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu möhtəşəm qələbə Azərbaycan və türk qardaşlığının tərcümeyi-halına qızıl hərflərlə yazıldı. 

Tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda ədaləti, sülhü bərqərar etməyin, dinc yaşamağın təntənəsi idi.  

107 il bundan öncə Bakının erməni-bolşevik işğalçılarından azad edilməsi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olması çox önəmli tarixi hadisə idi. Bakının işğaldan azad olunması cümhuriyyətin gələcəkdə de-fakto tanınması, müəyyən mənada de-yure təsdiqini tapması istiqamətində müstəsna hadisə sayılır. Paytaxtını xilas edən Xalq Cümhuriyyəti dünyada öz varlığını təsdiqlətdi. Bakının işğaldan azad edilməsi Azərbaycan və Osmanlı əsgərlərinin birgə səyi, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun fədakarlığı nəticəsində mümkün oldu. Qafqaz İslam Ordusunun önəmli hissəsi yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin əsgərlərindən ibarət idi. Torpaqlarımızın, xüsusən Bakının işğaldan azad edilməsi həm də Azərbaycan-Türkiyə qardaşlığının təzahürü idi. Paytaxtımızın erməni-bolşevik daşnaklarından qurtuluşu yeni bir mərhələnin başlanğıcı oldu. Bu qələbə Qafqazın digər xalqları, Dağlılar Respublikası və digər türk-müsəlman toplumlar üçün böyük bir qurtuluş demək idi. 

Yeri gəlmişkən, XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər 107 il əvvəl Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi. Milli, tarixi və məntiqi əsaslara söykənən "bir millət, iki dövlət" kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz əksini tapır. 

Xatırladaq ki, Türkiyədə Çanaqqala Zəfərinin 100 illiyini (2015-ci il) və Azərbaycanda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünü (2018-ci il) qardaş ölkələrin liderləri birlikdə qeyd ediblər. 2020-ci il dekabrın 10-da isə iki dövlətin prezidentlərinin Azərbaycanın Vətən müharibəsində Qələbəsinə həsr olunmuş Zəfər paradında iştirakı türk dünyasında qürur doğuran hadisə olmaqla yanaşı, beynəlxalq aləmə türkün birliyini və qüdrətini bir daha nümayiş etdirdi.

İki ölkənin getdikcə dərinləşən və yeni məzmunla zənginləşən münasibətlərinə misal olaraq, Türkiyənin Zəfər bayramının 100 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş dövlətin lideri Rəcəb Tayyib Ərdoğana məktubundan bu sitatı gətirmək yerinə düşər: "Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, "bir millət, iki dövlət" prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur". Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. İki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. 

Azərbaycan paytaxtının ən hündür nöqtələrinin birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də qardaşlığımızın rəmzi sayılır. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə dastan yazaraq Türkiyə və Azərbaycan əbədi qardaşlığının rəmzinə çevrildilər. 1918-ci ildə işğaldan azad edilən Bakı, müasir dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Bu və digər tarixi məqamlar bütün türk dünyasını qürurlandırır və sevindirir. Bugünkü reallıqlar, həmçinin Ulu Öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" və Qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamlarının həyatiliyini bir daha təsdiqləyir. 

Rəhman SALMANLI, 

"Azərbaycan"

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr