ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İsrail baş nazirinin BMT səfəri ətrafında siyasi mübahisələr qızışır..."
İsrail mətbuatı xəbər verir ki, Nyu-York meri postuna əsas namizədlərdən biri - 33 yaşlı Zöhran Mamdani seçiləcəyi təqdirdə, Binyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Haaqa orderinə əsaslanaraq həbs etdirəcəyini bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "Vesty.co" nəşri yazıb.
Mamdani bunu şəhərin beynəlxalq hüquq prinsiplərinə sadiqliyinin nümayişi adlandırır. Lakin hüquqşünaslar bu addımı real saymır: ABŞ BCM-in yurisdiksiyasını tanımır və belə bir qərar federal qanunvericiliyə ziddir.
Mamdani və seçki kampaniyasının gedişi
Mamdani son həftələrdə İsrail məsələsini seçki gündəminin mərkəzinə gətirib. O, daha əvvəl şəhərin İsrailə yatırımlarını geri çəkməyə çalışacağını da açıqlayıb, halbuki bu, merin səlahiyyətlərinə aid deyil. Onun əsas arqumenti isə belədir: Netanyahu Qəzzada soyqırım törədən hərbi cinayətkardır və beynəlxalq orderə hörmət edilməlidir. Netanyahu isə bu bəyanatı "gülünc hədə" adlandırıb və Trampın dəstəyi ilə Nyu-Yorka səfərlərini davam etdirəcəyini söyləyib.
"Bloomberg" ilə gözlənilməz görüş
Maraqlı məqamlardan biri də Mamdaninin İsrailin güclü tərəfdarlarından olan keçmiş mer Maykl Blumberq ilə görüşməsidir. Blumberq əvvəllər Mamdaninin qarşısını almaq üçün milyonlarla dollar xərcləyib. İndi isə onlar bir-biri ilə həm 11 sentyabr anım mərasimində, həm də şəxsi ofisdə görüşərək mümkün əməkdaşlıq yollarını müzakirə edib. Hər iki tərəf bu təmasın "dəstək jesti" olmadığını, sadəcə əməkdaşlıq imkanlarını ölçmək məqsədi daşıdığını vurğulayıb.
Seçkilərin mürəkkəb mənzərəsi
Nyu-York siyasətində köklü dəyişiklik baş verir: Mamdani özünü "yeni şəhərin rəmzi" kimi təqdim edir, köhnə siyasi elitanın - Blumberq, Kuomo və Adamsın üzərinə gedir. Bununla belə, onun radikal vədlərinin icrası şübhə doğurur: vergilər və nəqliyyat planları ştat səviyyəsində qərar tələb edir, Netanyahunun həbsi isə hüquqi divara çırpıla bilər. Mamdaniyə real səlahiyyət gətirə biləcək sahə polisdir: mer komissarı təyin edir, büdcəni müəyyənləşdirir və şəhər polisi üzərində nəzarəti əlində cəmləyir. Bu da onun proqramını həyata keçirmək bacarığını test edəcək.
Dəyişən rəqəmlər
Quinnipiac Universitetinin son sorğusu Mamdaninin ümumi liderliyini təsdiqləsə də, yəhudi seçicilər arasında vəziyyət dəyişib: 42 faiz Adamsı, 21 faiz Mamdanini, 20 faiz isə Kuomonu dəstəkləyir. Halbuki iyul ayında Mamdani yəhudi seçicilər arasında 43 fauz ilə birinci olub.
Tramp amili və siyasi balans
Maraqlı məqam odur ki, Netanyahu Nyu-York səfərlərini Donald Trampın dəstəyi ilə davam etdirməyə hazır olduğunu açıq şəkildə bildirir. Bu isə kampaniyanı daha da qızışdırır: Mamdani özünü "xalqın namizədi" kimi təqdim edir, Netanyahu isə ABŞ prezidentinin siyasi dayaqlarına arxalanır. Beləliklə, yerli seçki mübarizəsi qlobal geosiyasi rəqabətin güzgüsünə çevrilir.
İki aydan da az qalan seçkilərdə əsas sual budur: Mamdani kimi antiisteblişment namizəd üstünlüyünü real siyasi gücə çevirə biləcəkmi, yoxsa Nyu-Yorkun köklü donor şəbəkələri və icma strukturları qalib gələcək? Bu seçkilər şəhərin tarixində dönüş nöqtəsinə çevrilə bilər, ya da köhnə qaydalara qayıdış olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.