ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Moskva və Minsk hərbi manevrlər vasitəsilə həm NATO-ya, həm də qonşu ölkələrə mesaj göndərir..."
12-16 sentyabr tarixlərində Belarusda başlayan "Qərb-2025" Rusiya-Belarus birgə hərbi təlimləri regionun siyasi gündəminə damğa vurub.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb.
Rəsmi açıqlamalarda manevrlərin "hava hücumlarının dəf edilməsi" və "diversiya qruplarına qarşı mübarizə" kimi müdafiə xarakterli tapşırıqlar üzərində qurulduğu bildirilir. Lakin Qərb ekspertlərinin və mətbuatının təhlilləri göstərir ki, bu təlimlər, əslində, Kremlin Qərbə yönəlmiş çoxsəviyyəli hibrid strategiyasının bir hissəsidir.
Dron hücumlarının fonunda başlanılan manevrlər
Təlimlər Polşanın hava məkanına 19 rus dronunun daxil olmasından dərhal sonra start götürüb. Varşava bunu "kütləvi təxribat" adlandıraraq NATO-dan əlavə hava hücumundan müdafiə sistemləri tələb edib. Polşa və Litva sərhədlərini bağlayıb, bir sıra Avropa dövlətləri isə Polşaya hərbi texnika ilə dəstək göstərməyə hazır olduqlarını açıqlayıb.
Analitiklər hesab edir ki, bu, təsadüfi deyil: Moskva NATO-nun reaksiyasını sınaqdan keçirir, regionun ən həssas nöqtəsi sayılan Subalk dəhlizi üzərində üstünlük qazanmağa çalışır. Rusiyanın və Belarusun Kalininqraddakı vətəgələrdən idarə olunan hava hücumundan müdafiə sistemləri artıq Baltikyanı ölkələr və Polşa üzərində ciddi təzyiq imkanları yaradır.
Üç gizli strategiya
Almaniyanın "Bild" nəşri isə təlimlərin üç əsas istiqamətdə ssenari üzərində qurulduğunu yazır:
- Nüvə təhdidi - Orta mənzilli raketlərin və nüvə silahının istifadəsinin simulyasiyası ilə qonşu ölkələri qorxutmaq. Minsk təlimlərin "NATO-nun hərbiləşməsinə cavab" olduğunu iddia etsə də, ekspertlər bunu açıq nüvə şantajı hesab edir.
- Suvalk dəhlizinə hücum planı - Kalininqradı Belarusla birləşdirən bu 65 km-lik zolaq NATO-nun ən zəif həlqəsi sayılır. Moskva "anklavın müdafiəsi" bəhanəsi ilə bu istiqamətdə hücum ssenarilərini məşq edə bilər.
- Repressiya və daxili hədəflər - Təlimlərdə "qanunsuz silahlı dəstələr və diversiya qrupları ilə mübarizə" adı altında, əslində, Belarus rejiminin daxili müxalifətə qarşı represiyalarını leqitimləşdirmək cəhdi görünür. Dövlət mediası "Polşanın agentləri" və "Ukrayna kəşfiyyatçıları"ndan danışsa da, əslində, söhbət siyasi opponentlərin təqib olunmasından gedir.
Siqnal, yoxsa real təhlükə?
Belaruslu politoloq Artyom Şraybman bildirir ki, təlimlərdə real nüvə başlıqlarının tətbiqi gözlənilmir, söhbət daha çox "kabinet məşqlərindən" gedir. Yəni, bu, hərbi texniki hazırlıqdan çox, Qərbə ünvanlanan siyasi siqnaldır. Rusiyalı politoloq İvan Preobrajenski isə qeyd edir ki, dron hücumları və təlimlərin eyni vaxta salınması təsadüfi deyil: Kreml hibrid təzyiq imkanlarını yoxlayır və NATO-nun 5-ci maddəsini işə salmağa mane olacaq "boz zonalar" axtarır.
Lukaşenkonun siyasi oyunu
Manevrlər fonunda Belarus lideri Aleksandr Lukaşenko gözlənilmədən 52 siyasi məhbusu azad edib. ABŞ prezidenti Donald Trampın nümayəndəsinin Minskə səfəri ilə üst-üstə düşən bu addım Qərblə yeni dialoqa işarə kimi təqdim olunub. Eyni zamanda, Vaşinqton "Belavia" aviaşirkətinə qoyulan sanksiyaları ləğv edib. Ekspertlər bunu Lukaşenkonun "siyasi məhbuslarla alver" siyasəti adlandırır. Onların sözlərinə görə, Minsk həm Moskvaya sadiqliyini nümayiş etdirir, həm də ABŞ-la münasibətlərdə manevr imkanlarını artırmağa çalışır.
Qərbə verilən açıq mesaj
"Qərb-2025" təlimləri əvvəlki illərlə müqayisədə daha kiçik miqyasda keçirilsə də, rəmzi məna daşıyır. Kreml və Minsk bir daha göstərmək istəyir ki, NATO-nun şərq cinahında sabitlik daim risk altındadır. Nüvə imitasiyaları, Suvalk dəhlizi üzərində təzyiq ssenariləri və daxili repressiyaların leqitimləşdirilməsi - bütün bunlar Qərbə ünvanlanan açıq siqnaldır: Moskva və Minsk təhlükəni daim diri saxlayaraq, həm region xalqlarını qorxutmaq, həm də siyasi dividendlər qazanmaq niyyətindədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.